"Nə vaxtsa hansısa "əl" "Arena"ya əl gəzdirərsə, o vaxtı nə "Arena" olacaq, nə də ki mən" MÜSAHİBƏ

10:04 - 13 Yanvar 2014

Rüfət Nadirli: "Daima obyektiv və düzgün fikirləri ilə diqqət çəkən “Arena”ya kimsə ləkə yaxa bilməz" 
 
"İnterAz" televiziyasının İdman Departamentinin rəhbəri,"Arena" verilişinin müəllif və aparıcısı Rüfət Nadirli "Komanda" qəzetinə müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- “Arena”da 2 il necə keçdi, yorucu oldu, yoxsa bir göz qırpımında ötdü?
-  Deyərdim ki, çox yaddaqalan oldu mənimüçün. Mən əvvəllər inanın ki, bu qədər seviləcəyini və populyar olacağını tam gözləmirdim. Amma digər tərəfdən də ümid edirdim ki, layihəm uğurlu olacaq. Çünki mən çalışdığım hər bir layihəyə can qoyuram və istəyirəm ki, fərqli olsun. Sevinirəm ki, bunu bacardım və “İnterAz” telekanalı da mənə bu işdə dəstək oldular. Onlara da minnətdarlığımı bildirirəm. Bundan əlavə, bu illər mənim üçün yorucu olmadı, amma tez keçdi. Daha 2 il qocaldıq (gülür)...
 
-  İdman verlişinin populayralıq qazanması üçün orda tənqidə yer verilməsi mütləqdi. “Arena”ya qədər fəaliyyət göstərən futbol verlişlərində tənqidə qadağa qoyulduğu bir vaxtda “İnerAz”da sərt tənqidli proqramın yaranışı təəccüblü oldu. Nə əcəb palaza bürünüb ellə sürünmədiz?
- (gülür). Tənqid həmişə lazımdır. Biz kimisə tənqid edirik ki, gələn dəfə həmin səhvlər olmasın. Biz futbolumuzun inkişafı naminə tənqid edirik. Bundan heç kəs inciməməli və başqa cür yozmamalıdırlar. “Arena” verilişi 2 il ərzində sözün düzünü deməyi bacardı və bundan belə də bu yolda addımlayacayıq. Biz Azərbaycan futbolunun inkişafını istəyirik. Pis nəsə etmirik axı ?
 
- “Arena”da demək olar ki bütün klublar tənqid olunur. Bizim cəmiyyətdə belə bir fikir formalaşıb: hansı komandanı tənqid edirsənsə səni digər komandaya “işləməkdə” ittiham edirlər. İndiyə qədər sizi kimlərə “işləməkdə” ittiham ediblər?
- Özünüz də indi bildirdiniz ki, bütün klublar tənqid olunur. Biz ayrıseçkilik salmırıq və kimin nöqsanı varsa, tam olaraq demək gücümüz var. Heç kimin də ixtiyarı yoxdur ki, bizi kimlərsə “işləməkdə” ittiham eləsin. Ən azından buna haqqları yoxdur. Daima obyektiv və düzgün fikirləri ilə diqqət çəkən “Arena”ya kimsə ləkə yaxa bilməz.
 
- Azərbaycanlı mütəxəssislər həqiqəti deməkdən çəkinirlər. Onlar özlərini yandırmamaq üçün tənqidin bol olduğu proqramlardan da qaçırlar. Mütəxəssisləri verilişə dəvət edərkən problem yaşayırsınız?
- Bəli. Belə problemlərlə üzləşirəm. Çox da olmasa da, olur.... Bəzən elə olur ki, həqiqətən də çağıracağım qonaqlar ya ölkədə olmur, ya da oyun vaxtına düşdüyü üçün gələ bilmirlər. Bunları başa düşürəm və anlayışla qarşılayıram. Amma elələri də var ki, vaxtı ola –ola bəhanələr gətirirlər. Mən artıq onlara ad da qoymuşam – “Bəhanələr Kralları”. Özü də hər dəfə super bəhanələr tapmağın mahir ustalarıdırlar. Həmin adamların konkret adlarının çəkilməsinin tərəfdarı deyiləm. Hər kəs öz payını götürsün. Amma kimsə bəhanə ilə gəlmirsə, deməli danışmağa sözü yoxdur və yaxud da, danışmağa cəsarəti çatmır.
 
- Nəm-nüm edənlər dəvəti dərhal qəbul edənləri üstələyir?
O qədər..... Hətta eləsi olur ki, verilişə gəlməməyi bir yana, hətta bizi qorxudur da. Puah...Biz də qorxduq.
 
- Futbol adamlarının şəxsi maraqları həmişə ön planda olub. Verilişə dəvət etdiyin qonaqların şəxsi maraqlarından çıxış etməsindən şübhələndiyiniz vaxtlar olub?
- Bax, bu hal mənim ən yaralı yerimdir. Elə qonaqlar olub ki, mövzu qalıb bir kənara, öz şəxsi maraqları naminə danışmağa üstünlük verib. Belə adamlar artıq bizim siyahıda yoxdur və həmin şəxslərə “Arena” nın qapısı bağlıdır. Mən və mənim layihəm nə qədər ki, var. qoymayacam ki, kimsə verilişdən öz maraqları naminə istifadə etsin....
 
- Verilişdə səslənən tənqidlərdən sonra klublardan gələn zənglərin sayı artır? Ən çox hansı ranqlı klub rəsmiləri zəng edirlər?
- Bunlara artıq öyrəşmişəm. Zəng edib deyirlər və cavablarını da alırlar. Kiminsə klubu barədə tənqidi fikir gedirsə, verilişin qapısı açıqdır, gəlsin növbəti verilişdə klubun mövqeyini bildirsin. Biz buna da imkan yaradırıq. Tam obyektivliyinin tərəfdarıyıq. Heç kimə böhtan atmırıq ki ? Çox klub rəsmiləri də bilir ki, səsləndirdiyimiz tənqidi fikirlər sözün əsl mənasında reallığı əks etdirir. Biz boş –boşuna danışmırıq.
 
- 2 il ərzində tənqidə sağlam münasibət göstərən klubla (rəsmisilə) aqressiv münasibət göstərən klubu (rəsmisini) müəyyənləşdirmək mümkün olub? Yoxsa hamısı bir bezin qırağıdı?
- Yoo, fərqi görmək olur. Doğurdan da tənqidi normal qəbul edib, öz səhvlərini düzəldənlər və fikirlərimizi qəbul edib razılaşanlar da var.
 
- AFFA, klub rəhbərlərinin əli Azərbaycanda fəaliyyət göstərən bütün telekanalların rəhbərliyinə çatır. “İnerAz” rəhbərliyi harda oturur ki, ona əl çatmır?
- Bax, maraqlı fikirdir (gülür)....... Vallah, başqalarında nəyin necə olmağından xəbərimiz yoxdur. Amma şükürlər olsun ki, biz işlərimizi sərbəst görməyi bacarırıq və işimizdən də zövq alırıq.
 
- Nə vaxtsa hansısa “əl”in “Arena”ya əl gəzdirəcəyini güman edirsiniz?
- Yox, heç vaxt ola bilməz....Çünki biz olanı deyirik və haqlı tənqid edirik. Və inanıram ki, çoxları bizim futbolun inkişafı naminə çalışdığımız işlərimizi də görür və bəyənir. Bundan tam əmin olun ki, kiminsə “əl”i “Arena”ya dəysə, o vaxtı nə “Arena” olacaq, nə də ki mən.
 
- “Arena”nın böyüməsi üçün hansı addımları planlaşdırırsız?
- Əlbəttə, bu gün “Arena” “İnterAz”ın ən reytinqli verilişlərindən biridir. Gələcəkdə planlarımızdan biri budur ki, verilişdə bir neçə rubrikalı bölümlər yaradaq. 

Xəbər xətti