Foqts:"Ruslan İspaniyadan deyil, sadəcə Azərbaycandan gəlib" MÜSAHİBƏ

08:13 - 16 Yanvar 2014

"Abışov həqiqətən də yığmanın lideridi "
 
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün Antalyada toplanışda olan Rusiyanın “Rubin” klubunun məşqini izləyib.
 
Sportal.az xəbər verir ki, məlum səbəblərdən alman mütəxəssis yarımmüdafiəçi Ruslan Abışovu diqqətdə saxlayıb. O, həmçinin Kazan klubunun rəsmi saytına müsahibə verib:
 
- Türkiyəyə Azərbaycan yığmasının oyunçularını izləməyə gəlmişəm. Burada Azərbaycandan altı komanda məşq edir. “Rubin”in məşqində isə məni Ruslan Abışov maraqlandırır. Bundan başqa, “Rubin”in məşqçisi ilə söhbət etmişəm. Burada yaxşı şərait var ki, söhbətləşəsən. Hava da xoşdu, heç bir təzyiq yoxdu. Məşqin gedişinə gəlincə, hazırda bu, məni ən az düşündürən məsələdi.
 
- Rinat Bilyaletdinovla tanışsınız?
- Bəli, onu tanıyıram. Almaniyada görüşmüşük. Rinat nə vaxtsa orada yaşayıb. Yeri gəlmişkən, almanca yaxşı danışır. Qarşıdakı oyunlarda ona uğurlar arzu etdim. Görünür ki, bu məşqçinin rəhbərliyi altında oyunçular özlərini rahat hiss edir.
 
- Bəs Ruslan Abışov haqda nə deyə bilərsiniz?
- Komandamda Abışov kimi futbolçum olduğuna şadam. O, ən yaxşı oyunçularımdan biridi. Mən onunla bir qədər söhbətləşdim. Klubda niyə mütəmadi oynamadığını soruşdum. Bilirəm ki, hər bir məşqçinin öz oyun baxışı var. Sabiq məşqçi Ruslanı əsas heyətdə görmürdü. Ümid edirəm ki, yeni məşqçinin rəhbərliyi altında Abışov daha da inkişaf edəcək. Hər halda, Ruslana uğurlar arzu edirəm.
 
- Sizcə, niyə Abışov klubda az oynamasına rəğmən, yığmada liderlərdən biri olaraq qalırdı?
- Abışov həqiqətən də yığmanın lideridi və ümid edirəm ki, “Rubin”də də lider olacaq. O, kifayət qədər gəncdi və xarici klubda çıxış etməyə bir qədər təcrübəsi çatmır. Əminlik çatmır. Axı o, Fransa ya İspaniyadan deyil, sadəcə Azərbaycandan gəlib. Ancaq o, meydanı yaxşı görən, yaxşı ötürmələri olan və texniki cəhətdən hazırlıqlı əla yarımmüdafiəçidi.
 
- Avropa Liqasında “Rubin”in “Betis”ə qarşı oyunda ehtimallarınız necədi?
- İlk oyun harada keçiriləcək? İspaniyada? Bu, “Rubin” üçün yaxşıdı. Cavab görüşünü evdə, azarkeşlərin dəstəyi altında keçirmək vacib üstünlükdü. Bu, oyunçulara inam verəcək. Düşünürəm ki, “Rubin” növbəti mərhələyə keçəcək. Komandanıza çempionatda və Avropa Liqasında uğurlar arzu edirəm. Rusiya yığmasına isə dünya çempionatında.

Xəbər xətti