"Mən o vaxt deyəndə ki, millidə azərbaycanlılar oynamalıdı, qayıdıb deyirdilər ki, sən çox danışırsan"

19:08 - 3 Fevral 2014

Ağatahir Əzimov: "Neçə illərdi ki, onlar hamını "sürüyüb" çempion olur"
 
Futzal üzrə milli komandamızın sabiq üzvü və kapitanı Ağatahir Əzimovun Sportal.az-a müsahibəsi
 
- Futzal üzrə Azərbaycan milli komandası 7 braziliyalı futzalçı ilə Avropa çempionatına yollandı, amma qrupda sonuncu yeri tutdu. Bu qədər legioner ilə bir şey edə bilmiriksə, nəyə lazımdı bu əcnəbilər?
- Bunu mən yox, rəhbərlik bilər. Mən o vaxt deyəndə ki, millidə azərbaycanlılar oynamalıdı, qayıdıb deyirdilər ki, sən çox danışırsan. Onsuz da azərbaycanlılar da getsəydi, uduzub gələcəkdik. İtaliya millsi sözün düzü, çox güclü komandadır. Onlar Sloveniya deyillər.
 
- Ümumiyyətlə millimizin Avropa çempionatındakı oyunları səni qane etdi?
- Bu il bir az zəif idilər. Sloveniyanın oyunundan göründü ki, hələ zəif cəhətlərimiz var. O biri illərə baxanda, bu ilki braziliyalılardan yaxşı oynayırdılar.
 
- Hələ getməmişdən qabaq deyilirdi ki, bu milli komanda Avropa çempionu olacaq ...
- Onu deyirlər də. Fakt göstərdi ki, belə deyil.  İspaniya, İtaliya, Xorvatiya kimi komandalar bizdən güclü yığmalardır.
 
- Braziliyalı futzalçılar bizim futzalçılardan nə ilə fərqlənir?
- Azərbaycanda bu gün futzalçı qalıbki? Əlbəttə, bizim futzalçılardan güclüdürlər. Azərbaycanda olan futzalçıların hamısı çıxdı getdi. Bu gün Azərbaycan millisinə çağrılan braziliyalı futzalçılar bizim futzalçılardan qat-qat güclüdür.
 
- Azərbaycan futzalçılarının potensialı yoxdu?
- Azərbaycanda futzal məktəbi var? yoxdu. Məktəb olmayandan sonra potensial gözləmək gülünc olar. Əgər,biz futzalçı yetişdirə bilmiriksə, Azərbaycanda futzalçı necə üzə çıxa bilər. 
 
- Millimizin sabiq kapitanı kimi Ağatahir Əzimov futzalın inkişafı üçün nə təklif edir?
- Bizim futzalın inkişafı üçün, ilk növbədə məktəblər açılmalıdır. Uşaq məktəbləri işləməsə, olan-qalan futzal tariximiz də yox olacaq. İspaniya, İtaliya kimi ölkələrə baxın, görün nə qədər uşaq yetişdirirlər.  Bizdə futzalçı yetişmir. Hardasa böyük futbolda oynamış futbolçunu gətirib futzalçı eliyirlər ki, oyna futzalda. 
 
- Sponsorlar cəlb olunsa, inkişafdan söhbət gedə bilər?
- Əlbəttə, sponsorlar olsa, hər şey qaydasına düşər. Böyük futbola nə qədər pul xərcləyirlər. Premyer Liqamızda çıxış edən klubların hərəsi bir futzal komandası buraxsa, futzalımız da inkişaf edər. Bir futbolçunun pulunu xərcləsələr, bir futzal komandasını yaratmağa bəs edər. Bu gün futzal çempionatımızda rəqbət yoxdur. Hamıdan güclü "Araz" komandasıdır. Neçə illərdi ki, ancaq onlar çempion olur. Hamını "sürüyüb" birinci olurlar. Yığmamızın da 90 faizi "Araz"-ın futzalçılarıdı. O boyda böyük futboldakı klublarımızın futbol məktəbləri var, amma bir qarışda olsa, yuxarı qalxa bilmirik. Futzalımızda keçmişdə oynayanlar da karyeralarını bitiriblər, amma arxalarınca yetişən yoxdu. İspaniya millisinə baxın, bir heyət gəlir çempion olurlar, ardınca başqa heyət gəlir necə var elə də oynayıb çempion olurlar.  Çünki öz məktəbləri  işləyir. 
 
- Karyeranı başa vurmusan, yoxsa yenə oynayırsan?
- Əvvəl "Fənərbaxça"da oynayırdım, indi isə birinci divizion komandasında çıxış edirəm. 
 
- Karyeranı başa vurduğdan sonra baş məşqçi işləmək fikrin var?
-  Keçən il "Fənərbaxça"da oynayan baş məşqçi idim. Sonra legioner baş məşqçi gəldi və mən oldum oyunçu. Fikrim var ki, məşqçi olum, amma sponsorlar olmayandan sonra necə komanda yaradacaqsan? 
 
- Akademiya yaratsalar işləyə bilərsən?
- Tək mən yox, o qədər köhnə futzalçı var ki, qalıblar işsiz. Nə məşqçi işləyirlər, nə də futzalla məşquldurlar. Biri gedib mühafizəçi işləyir, biri çıxıb gedib bu ölkədən. Mahir Eyniyev kimi futzalçı Azərbaycanı tərk edib Rusiyada yaşayır. Natiq Məmmədkərimov ailəsini də götürüb Almaniyaya gedib. Biz neçə il bu yığmada əziyyət çəkmişik. Mən 14 il yığmada oynamışam, 10 il kapitan olmuşam. Mən bu gün heç kimə lazım deyiləm. Belə bir şey ola bilər? Heç kim bu işlə məşqul olmaq istəmir. Sponsor yoxdu. Camaat ailəsini saxlamalıdı, ya yox? Mən neçə illər bu işlə məşqulam və əlbbətə ki, nəsə bilirəm.
 
Şahin OĞUZ

Xəbər xətti