Junior Vilson:"Bakı"da "şef" baş məşqçidi"

12:22 - 6 Fevral 2014

"Bu suala cavab vermək mənlik deyil"
 
"Bakı"nın braziliyalı yarımmüdafiəçisi Junior Vilsonun Sportal.az-a müsahibəsi
 
- III dövrəyə "Rəvan" üzərində böyükhesablı qələbə ilə başladınız. Bu matçla bağlı fikirlərin nədən ibarətdir?
- Gözəl oyun nümayiş göstərdik, fasilədən sonra belə bir hesabla başlanğıc etmək komandadakı özünə inamı artırdı. Bu oyundada hesab hər şeyi göstərdi.
 
- Belə böyükhesablı qələbə gözləyirdin?
- Yox. Biz kollektiv oyun göstərməklə belə hesab əldə etdik.
 
- Uzun müddətdən sonra çempionatda oyuna çıxdın və qol vurdun. Baş məşqçinin verdiyi şansı layiqincə dəyərləndirə bildin?
- Bəli, uzun müddətdən sonra yenə oynadım və qolumu da vurdum. Baş məşqçi mənə bir şans verdi və məncə, bu şansdan maksimum istifadə etdim. Amma əsas o idi ki, komandamız qələbə qazansın, bu oyunda “Bakı”ya kömək etdiyim üçün xoşbəxtəm.
 
- Növbəti oyunlarda yenidən meydanda olmağı gözləyirsən?
- Ümid edirəm ki, oynayacam. Burada "şef" baş məşqçidir, o, kimin daha çox komandaya kömək edəcəyini yaxşı bilir, son qərarı o verəcək.
 
- Növbəti oyunda çətin Zaqatala səfərindəsiniz...
- “Simurq”la oyunlarımız həmişə maraqlı alınıb. Biz səfərə yalnız üç xal üçün gedirik, əlimizdən gələni edib oradan 3 xalla qayıtmalıyıq.
 
- Komanda qış fasiləsində heyətinə futbolçu qatmadı və Kamran və Kalonası heyətdən uzaqlaşdırdı. Bu addımı necə dəyərləndirirsən?
- Bu suala cavab vermək mənlik deyil. Yalnız onu deyə bilərəm ki, biz indi birlikdə ən yaxşısını etməyə çalışırıq. Bizim heyətdə yaxşı futbolçular var. Əmin olun ki, “Bakı” üçün ən yaxşısını edəcəyik.
 
- Liderlə aranızda 8 xal fərqi var. Artıq çempionluğun əldən getdiyini düşünmürsən?
- Biz turnir cədvəlinə fikir vermirik. İlk növbədə növbəti oyunumuza baxırıq və bütün diqqətimizi oraya yönəldirik. Mövsümün sonunda “Bakı”nın hansı pillədə olduğunu bir yerdə görəcəyik.
 
Yusif HÜSEYN

Xəbər xətti