Georgi Çixradze: "Yaxşı maliyyəmiz olsaydı, biz də yaxşı futbolçu alardıq"
"Simurq"un baş məşqçisi Georgi Çixradzenin Sportal.az-a müsahibəsi
- "Neftçi" ilə qarşılaşmada "Simurq" elə də yaxşı təsir bağışlamadı. 3:0-lıq məğlubiyyətə səbəb nə oldu?
- Niyə? Birinci hissə pis oynamadıq. Sadecə olaraq rəqibin ilk qolundan sonra bir qədər təşvişə düşdük. Müdafiədə də etibarlı oynamamağımız "Neftçi"nin daha iki qol vurmasına imkan yaratdı. Bizim də matç boyu təhlükəli epizodlarımız oldu.Birinci hissədə elə oynadıq, inanmazdım ki, 3:0 hesabı ilə məğlub olaq.
- Qış fasiləsində heyətə 4 futbolçu qatdınız. Bu sizcə, az deyil?
- Əsasən biz hücum xəttini gücləndirmək istəyirdik. Kalonası da məhz bu səbəbdən "Bakı"dan icarəyə götürdük. Qış fasiləsində yaxşı futbolçu tapmaq çətin olur. Fikir verin, heyətimizə qatdığımız futbolçulardan Nduka hələ formada deyil. Murat Səttərlı da zədəsini yeni bərpa edir.Belçikalı Benjamin Lombatı Antalyada bir oyunda sınadım və bəyəndim. Onu dayaq yarımmüdafiçi qismində komandaya dəvət etmişik. Etdiyimiz 4 transferin komandaya köməyi olacaq. Bunun üçün bir az vaxt lazımdı. O ki qaldı, niyə daha çox transfer etməməyimizə, buna büdcəmiz o qədər də imkan vermir.
- Hiss olunur ki, "Simurq"da vuran ayaq yoxdu. Bununla razısınız?
- Düzdür, bizdə hücumçu var. Ola bilsin ki, az qol vursun. Bizdə əsasən qolları yarımmüdafiə xəttində çıxış edən futbolçular vurur. Yaxşı qol vuran futbolçunu qışda komandaya gətirmək çox çətindir. Bunun üçün daha çox maliyyə vəsaiti tələb olunur.
- Elə bir futbolçu olub ki, bəyənmisiniz, amma transfer edə bilməmisiniz?
- Əlbəttə, kim istəməz ki, komandada daha səviyyəli futbolçu olmasın.Əlimizdə olan büdcəyə uyğun hərəkət etmək məcburiyyətindəyik. Yaxşı maliyyəmiz olsaydı, daha yaxşı futbolçu almaq olardı. Biz optimal variantı seçib heyətə yeni oyunçular cəlb etmişik.
- "Simurq"un büdcəsi bu qədər azdı ki, ortabab futbolçunu transfer edə bilmir?
- Ola bilərdi, iki parlaq futbolçunu gətirə bilərdik, amma həmin vaxt aparıcı oyunçular da klublarına bağlılıqları oldu. Tək-tük bir-iki futbolçu ilə də istəyinə çatmaq çətin məsələdir. Futbolda komanda oyunu böyük rol oynayır.
- Bu sualı ona görə verdim ki, "Simurq"un hədəfi Avropa Liqasına vəsiqə qazanmaqdır. Nəzərə alın ki, sizdən öndə gedən komandalar heyətini daha güclü futbolçularla doldurub...
- Ola bilər ki, onlar bizdən daha səviyyəli futbolçularla gücləniblər. Lakin bu, heç də Azərbaycan Premyer Liqasında əsas rol oynamır. Ötən il ilə müqayisədə çempionatın səviyyəsi daha da artıb. Maliyyə vəsaiti güclü olmayan komandalar bu çempionatda güclüdən də xal qopara bilir. Düzdü, bizim məqsədimiz Avropa Liqasına vəsiqəni təmin etməkdir. Bunun üçün də sona qədər mübarizə aparacağıq. Bizə mane olan əsas məsələlərdən biri AZAL-la "Qarabağ"dan başqa ilk iki dövrənin oyunlarını öz meydanımzda keçirməməyimiz oldu. Ev oyunlarımızı kənarda keçirtdik. Elə oyunlarda xal itirdik ki, evdə oynasaydıq qələbə qazana bilərdik.
- Növbəti tur rəqibiniz "Bakı"dır. Rəqibi necə qiymətləndirirsiniz?
- "Rəvan"la oyunlarını izlədim. Qış fəsiləsindən sonra "Bakı"da xeyli dəyişiklikırin olduğunu hiss etdim. Hücuma çox sürətlə çıxırlar. Bu komanda da mükafatlar uğurunda mübarizə aparır. Hətta deyərdim ki, çempionluq şansları da var. Onlarla oyuna ciddi hazırlaşırıq. "Neftçi" ilə matçda itirdiyimiz 3 xalı bu oyunda qazanmaq istəyirik.
- Yeni transferiniz Kalonas "Bakı"ya qarşı oynayacaq?
- Klublar arasında razılığa əsasən Kalonas "Bakı"ya qarşı oynamamalıdır. Lakin danışıqlar aparırıq ki, futbolçu meydana çıxsın. Hazırda qarşı tərəfdən cavab gözləyirik.
- Mətbuatda yayılan xəbərlərə görə Kalonas xarakterinə görə intizamsız futbolçudur. Siz onda məşqlərdə və ya danışıqda bunu hiss etmisiniz?
- Hər bir idmançi fərqli xarakterə malik olur. Kalonas böyük təcrübəyə mailk futbolçudur. Peşəkarlığına da söz ola bilməz. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Onunla görüşümdə bildirmişəm ki, bir qədər səbrli olsun. Ola bilər ki, uduzmağı sevmir və bu səbəbdən də tez hövsələdən çıxır. Ona başa saldım ki, elə anlaşmalıyıq ki, aramızda narazılıq yaranmasın. Kalonas bunu anlayışla qarşıladı və hər şeyin yaxşı olacağını bildirdi. Əsas odur ki, komandaya tez uyğunlaşın bizə kömək etsin.
- O, "Simurq"un oyun üslubuna uyğun gəlir?
- Hər şey onun özündən asılıdır. Kalonas elə tipli futbolçudur ki, hücumda hər an təhlükə yarada bilər. Həm sürəti, həm də ustalığı sayəsində "Simurq"un əvəzedilməz futbolçusuna çevrilə bilər. Onun gözləniləməz ötürmələri və yaxşı qol duyumu var. Kalonas hələ optimal formasından uzaqdır.
- Baş məşqçi kimi deyə bilərsiniz ki, "Simurq"un "İlk 4-lükdə" olmaq imkanı var?
- Ola bilsin ki, "İlk 4-lükdə" qərarlaşan komandaların xalı bizdən çoxdur. Teoretik şansımız qalır ki, "İlk 4-lüyə" girə bilək. Biz təslim olmamalıyıq və sona qədər mübarizə aparmalıyıq. Hələ bizi qarşıda 17 tur gözləyir. Təqribi 6-7 turdan sonra bilinəcək ki, hansı komandalar mükafatlar uğrunda mübarizəyə daha yaxındır.
- Bütün komandalara qarşı oynamısınız. Sizcə, çempionluğa layiq və yaxın olan komanda hansıdır?
- Açığı, proqnoz verməyi xoşlamıram. Çempionat o qədər maraqlı keçir ki, indidən nəsə deməyə çətinlik çəkirəm. Ötən ilin çempionu "Neftçi" yenə əsas özəyini saxlayıb, "Qəbələ" daha da güclənib, "Qarabağ" gözəl oyunu ilə diqqət çəkir, "İnter"lə "Bakı" artıq sürət yığmağa başlayıb. Onlar da çempionluq yarışından qırılmamağa çalışırlar. Onların öz aralarındakı oyunlardan da çox şey asılı olacaq. 5 komandanın hər biri çempionluğa favoritdir. Sözsüz ki, "İlk 3-lük"də qərarlaşan komandalar da ehtiyyatını əldən verməyəcək və çalışacaq ki, üst pillələrdə yerini qorusun.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi