Zöhrab Əliyev: "Bu məğlubiyyətdən sonra onların "Simurq"da işləməyə haqqı çatmır"
"Simurq"un sabiq meneceri Zöhrab Əliyev Sportal.az-a müsahibəsi
- "Simurq"dan ayrıldıqdan sonra nə işlə məşğulsan?
- Bir şirkətdə çalışıram.
- Sirr deyilsə, hansı şirkətdə?
- Yəqin ki, Elman Ələkbərovu tanıyırsan. Onun şirkətində çalışıram.
- Futboldan niyə uzaq düşdün?
- Artıq 10 il idi ki, mən futbolda idim. Onun AFFA-sı, PFL-i, "İnter"ini, "Simurq"unu da görmüşəm. Futbolumuz necə idisə, elə də qalıb. Heç bir irəliləyiş yoxdu. Ortada dəyişən bir şey yoxdu ki, nəsə danışasan.
- "Simurq"dan ayrılmağının səbəbi nə oldu?
- Bilirsiniz, ölkə kubokunun 1/8 final mərhələsində "Araz Naxçıvan"a məğlubiyyətdən sonra istefa ərizəmi klubun rəhbəri Anar Bəkirova təqdim etdim. Artıq qış fasiləsindən əvvəl komandadan getməyimi qətiləşdirmişdim.
- Ancaq mətbuatda klubdan ayrılmağını başqa səbəblərlə bağlayırlar...
- Nə ilə əlaqələndirirlər ki?
- Deyilənə görə təlim-məşq toplanışına yollanan zaman biletlərin alışında səhvlik olmuşdu və buna görə sən günahlandırıldın.
- Yalan söhbətdi. Bu dəfəki təlim-məşq toplanışının yerini, məkanını, bütün qalan işləri Kamran İsmayılov üzərinə götürmüşdü. Buna qədər isə təlim-məşq toplanışlarını və yoldaşlıq görüşlərini mən təşkil edirdim. Bu dəfə Kamran İsmayılov araya girdi və ortaya belə problemlər çıxdı. O, söz vermişdi ki, "Simurq"un "Vaslui" ilə yoldaşlıq görüşünü təşkil edəcək. Nəticədə nə baş verdi? Komanda heç tanınmayan Tanzaniya klubu ilə qarşılaşdı. Kamran İsmayılov işinin öhdəsindən gəlmədiyinə görə "Bakı" klubundan da kənarlaşdırılmışdı. O vaxt mən deyən də ki, onun təşkil etdiyi təlim-məşq toplanışlarında problem yaranacaq, mənə inanmadılar. Yenə deyirəm, mən hələ təlim-məşq toplanışında öncə istefa vermişdim.
- İstefanın səbəbi "Araz Naxçıvan"a məğlubiyyətlə bağlı idi?
- Əlbəttə, "Simurq" heyət baxımından rəqibindən qat-qat güclü idi. Əgər biz birinci dəstə komandasını kubokda keçə bilmiriksə, onda Premyer Liqada niyə mübarizə aparırıq. Mənim Əsgər Abdullayevin çalışdırdığı "Araz Naxçıvan" komandasına böyük hörmətim var. Lakin biz kubokda onları keçməli idik.
- Sən istefa verdin, bəs məşqçilər korpusu niyə getmədi?
- Xatırlayırsınızsa, həmin vaxt Georgi Çixradze komanda ilə birgə deyildi. Baş məşqçi pro kateqoriyası almaq üçün Ukraynaya getmişdi. "Simurq"u da "Araz Naxçıvan"la oyuna İqor Getmanla Emin Babayev hazırlaşdırmışdı. Əgər məşqçilər korpusu onların qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməyiblərsə, istefalarını verməli idi. Bu məğlubiyyətdən sonra onların "Simurq"da işləməyə haqqı çatmırdı. Onlar da mənim kimi istefa ərizələrini rəhbərliyə təqdim etməli idi. Hətta, demişdilər ki, məşqçilər korpusu vəsifələrindən kənarlaşdırılacaq, amma bu olmadı.
- Klub rəhbəri Anar Bəkirov istefanı niyə dərhal qəbul etdi?
- Əslində, Anar Bəkirov klubda qalıb işləməyimi istəyirdi. Ancaq bunu mən qəbul etmədim. Çünki birinci dəstə təmsilçisinə məğlubiyyətdən sonra orada qalmağımı qəbul edə bilmirdim. Anar Bəkirovla münasibətim çox yaxşıdır. İndi də əlaqə saxlayıb hal-əhval tuturuq.
- "Simurq" qış fasiləsindən sonra Premyer Liqada ardıcıl 3 məğlubiyyət aldı. Sabiq komandanın oyununa baxırsan?
- Vallah izləmirəm. Sadecə nəticələrdən xəbərim var. Son turda da "İnter"ə 1:0 hesabı ilə məğlub oldular. Mən olan vaxtı birinci dövrədə "İnter"i 2:1 hesabı ilə qalib gəlmişdik. Həmin oyundan əvvəl Vaqif müəllimə demişdim ki, "məğlub olsaq, mən komandada qalmayacam". Həmin qarşılaşma da qalib gəldik. Oyundan əvvəl də "İnter"in baş məşqçisi Kaxaber Sxadadze ilə aramızda mübahisə yaşandı. O, Azərbaycan millətinə hörmətsizlik etdi. Orada onunla əlbəayaxa dava etdim. Allah da onun cəzasını verdi və məğlub oldular.
- Son turdaki 1:0-lıq məğlubiyyətə nə deyirsən?
- Mətbuat artıq "İnter"in qalib gələcəyini yazırdı. Oyuna baxmadım və dedikləri həqiqət oldu.
- "İnter"in "Simurq"un bir yerdə maliyyələşməsi, komandaların bir-birinə yaxın olmasından xəbər verir. Olmazdımı ki, bir klubu ləğv edib daha çox maliyyə bölgə klubu olan Zaqatalaya verilərdi?
- Gözəl təklifdir. Hələ mən bu fikiri o vaxtı səsləndirmişdim. Bunu mən deyil, klubun rəhbəri Cahangir Hacıyev qərar verməlidir. Zaqatalada futbola maraq böyükdür və komandanın oyunlarına xeyli azarkeş gəlir. Oradan daha çox futbolçu çıxar, nəinki Bakıdan.
Şahin OĞUZ
saytlarin hazirlanmasi