“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, yeni mövsümə hazırlığı dəyərləndirən Qurbanov əvəzedicilərin hədəflərindən də danışıb:
- Yeni mövsümə hazırlıq necə keçir?
- Artıq bir aydır başlamışıq. Əvvəlcə seleksiya məşqləri oldu, sonra isə yeni mövsümə hazırlığa başladıq. Gündə iki dəfə məşq edirik. Təlim-məşq toplanışı istədiyimiz kimi davam edir.
- Artıq dörd yoxlama oyunu keçirmisiz...
- Sınaq matçlarında həm qalib gəlmişik, həm uduzmuşuq. Heç-heçə də oynamışıq. Nəticədən asılı olmayaraq, yoxlama oyunları faydalıdır. Təlim-məşq toplanışı ərzində nə qədər çox belə görüşlər keçirsək, bir o qədər yaxşıdır. Avqustun 1-də daha bir yoxlama oyununa çıxacağıq. Bu mənada da toplanışın gedişindən razıyam.
- Toplanışın gedişindən razı olduğunuzu dediz. Bəs futbolçulardan razısızmı?
- Futbolçuların məşqə yanaşmasından razıyam. Həvəslidirlər. Bacardıqları qədər çalışırlar. Komandaya gənc və perspektiv vəd edən bir neçə futbolçu cəlb etmişik. Bununla belə, yenə axtarışdayıq. Yeni mövsümdə bizə kömək edə biləcək daha bir neçə futbolçu tapmaq istəyirik.
- Yeni mövsümdən əvəzedici komandalar 1-ci divizionda mübarizə aparacaq...
- Açığı, əvəzedicilərin öz çempionatı olsaydı, daha yaxşı olardı. Amma qərar belədir və biz bununla razılaşıb, çempionata hazırlaşırıq.
- Ümumiyyətlə, əvəzedici komandanın hədəfləri nə olacaq?
- Təbii ki, ən böyük hədəf əsas komandaya futbolçu, şəxsiyyət yetişdirməkdir. Bununla belə, həm də "Neftçi”nin adına layiq çıxış etməliyik. Çünki "Neftçi” Azərbaycan futbolunun adət-ənənələrinə malik olan köklü komandamızdır. Çalışacağıq ki, bu komandanın əvəzedicilərinin futbolçuları da, nəticələri də yaxşı olsun.
- Ən böyük hədəf əsas komandaya futbolçu yetişdirmək olsa da, azarkeşlər əvəzedicilərdən həm də uğurlu nəticələr gözləyəcək...
- Təbii ki, belə də olmalıdır. Ümumiyyətlə, azarkeşsiz futbol olmur. Azarkeşlər əvəzedicilərin oyunlarına gəlsələr, çox şad olardıq. Futbolçular da azarkeşləri tribunalarda görsələr, bu onlar üçün stimul olar, daha çox məsuliyyət hiss edərlər.
saytlarin hazirlanmasi