“Çelsi” transferlərə 175 milyon avro ayırıb

17:06 - 5 Noyabr 2019

İki dönəmlik transfer cəzası alan “Çelsi” cəzanın yüngülləşməsinə ümid edir. Beynəlxalq İdman Məhkəməsi cəzanı birə endirsə, London klubu qış transfer planlarını quracaq.

 

Sportal.az xəbər verir ki, “zadəganlar”ın çalışdırıcısı Frenk Lempard qadağanın götürüləcəyi halda, önəmli transferlərin olacağını deyib:

 

“Hazırda gedişatı yaxından izləyirəm. Necə qərar veriləcəyini bilmirəm. Əgər transfer cəzası götürülsə, önəmli həmlələrimiz olacaq. “Çelsi”ni hər transfer dönəmində bir addım irəli daşımaq istəyirik. Əlimdəki heyətdən də razıyam. Ümid edirəm ki, azarkeşlər də naraz deyil”.

 

“Daily Telegraph” qəzeti cəzanın ləğv ediləcəyi halda “Çelsi”nin “Lion”un forvardı Mussa Dembeleni, “Kristal Pelas”ın vingeri Uilfried Zahanı transfer etməyə çalışacağını yazmışdı. Bundan əlavə, Dortmund “Borussiya”sının vingeri Ceydon Sanço, “Bornmut”un stopperi Natan Ake və “Lester Siti”nin sol cinah müdafiəçisi Ben Çiluell də transfer siyahısındadır.

 

Nəşrin iddiasına görə, yayda Eden Hazard, David Luis və Alvaro Moratanı satan londonluların 175 milyon avro transfer büdcəsi var.

 

Transfer qadağasına görə klub yayda oyunçu ala bilmədi. Cəza ləğv edilməsə, “Çelsi” 2020-ci ilin yayında oyunçu ala biləcək.

Xəbər xətti