Nikola Yurçeviç: "Keyfiyyətli komandalara qarşı oynadığımızı qeyd etmək lazımdır"

02:33 - 20 Noyabr 2019

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsinin son turunda Slovakiyaya qarşı səfər matçından (0:2) sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis məğlubiyyəti şərh edib:

 

- Slovakiya millisini qələbə münasibəti ilə təbrik edirəm. Qrupda ikinci ola bilməsələr də, Millətlər Liqasından Avropa çempionatına vəsiqə əldə etmək şansları qalır. Onlara uğurl arzulayıram. O ki qaldı oyuna, əvvəldən heyətlə bağlı ciddi problemlərimiz var idi. Maksim, Mahir, Nazarov, Almeyda, Paşayev yox idi. Fasilədə Eddi oynaya bilmədiyini söylədi. İlk yarıda çox əsəbi idik. Ötürmələrdə dəqiqlik çatışmırdı. İkinci hissədə çox yaxşı oynadığımızı düşünürəm. Qol vurmaq üçün şanslarımız da var idi. 82-ci dəqiqədə hesabı bərabərləşdirməyə çox yaxın olduq. Təəssüf ki, şansdan faydalana bilmədik.

 

- Şəhriyar Rəhimovun millinin formasını geyməsi birmənalı qarşılanmır. Açıqlaya bilərsiz ki, Rəhimov hansı xüsusiyyətinə görə millinin əsas heyət üzvünə çevrilib?
- Taktiki keyfiyyətləri ilə bağlıdı. Sirr deyil ki, Slovakiya daha çox hücum edən tərəf idi. Onun keyfiyyətləri də müdafiədə bizə çox kömək edirdi.

 

- Eddi İsrafilov komanda ilə yalnız 1 məşqə çıxsa da, bu gün start heyətində yer aldı. Düşünmürsüz ki, onun bu gün start "11-lik"də yer alması ilk gündən yığmanın düşərgəsində əziyyət çəkən futbolçulara qarşı haqsızlıq idi?
- Nəzərə almaq lazımdı ki, Eddi komandamızda fiziki cəhətdən ən güclü futbolçulardan biridi. Fasilədə emosional şəkildə oynaya bilmədiyini dedi və buna görə də əvəzləndi.

 

- Renat Dadaşovu ikinci hissənin əvvəlində meydana buraxmaq olmazdı? Emin Mahmudovun son 2 oyunda heyətə düşməməsinin səbəbi nədi?
- Verdiyiniz sualı başa düşürəm. Amma hər əvəzetmə ilə bağlı açıqlama verməli olsam... İkinci hissənin əvvəlindəki əvəzetmə planlarımız daxil deyildi. Mən Emini meydana daxil etmək istəyirdim. Hətta ona hazırlaşmağı demişdim. Amma hücumda kəsərli olduğumuzu görüb düşündüm ki, Təmkinin oyuna qoşulması daha məqsədəuyğundu. Son 30 dəqiqədə Emini Cavidin əvəzinə meydana buraxmaq istəyirdim. Lakin ilk yarıdan sonrakı məcburi əvəzetmə, buna imkan vermədi.

 

- Bütün seçmə mərhələni bir cümlə ilə necə ifadə edə bilər?
- Cəmi 1 xal yığdığımıza görə xoşbəxt deyiləm. Amma qarşıdakı həftələr ərzində analiz aparmaq üçün kifayət qədər vaxtımız olacaq. İndiki məqamda deyə bilərəm ki, razı qaldığım cəhət gənclərin oynamaq şansı qazanmasıdı. Bəraət qazandırmaq istəmirəm, amma keyfiyyətli komandalara qarşı oynadığımızı da qeyd etmək lazımdır.

Xəbər xətti