Bombardirlər siyahısında yer alan "Qəbələ"li: "Hər futbolçu əsas heyətdə oynamaq istəyir" - MÜSAHİBƏ

“Qəbələ”nin forvardı Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib. Mövsümə uğurlu başlayan forvard 3 turdan sonra vurduğu 2 qolla bombardirlər siyahısında da yer alıb.

- “Qəbələ” Premyer Liqanın 3-cü turu çərçivəsində “Sabah”a qalib gəlib. Matç sizin üçün necə alındı?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. “Sabah”ın yaxşı heyəti var. Çətin matç olacağını bilirdik, belə də alındı. Nə qədər çətin olsa da, 3 xalı qazanmağı bacardıq. Bu da çox sevindiricidi.

- Komandanın 2-ci qolunu sən vurdun. Belədə, mövsümdə 2-ci qolunu vurmuş oldun. Mövsümə yaxşı başladığını demək olar?
- Qol vurduğuma görə çox sevinirəm. Ancaq düzünü desəm, əsas olan qələbə qazanmaqdı. Mövsümboyu da qollar vurmaq üçün əlimdən gələni edəcəm. İnanıram ki, hər şey yaxşı alınacaq.

- Bəs, əsas heyətə niyə düşə bilmirsən? Buna mane olan nədi?
- Hər bir futbolçu əsas heyətdə oynamaq istəyir.  Məşqçilər korpusunun qərarına hörmətlə yanaşıram. Mən də daha çox çalışıb, əsas heyətə düşəcəm.

- Hazırda bombardirlər sırasında yer almısan. Necə düşünürsən, qollarının davamını gətirə biləcəksən?
- Əlbəttə. Dediyim kimi daima qollar vurmaq istəyirəm. Bunu edə biləcəyimə əminəm.

- Növbəti turda “Qəbələ”nin rəqibi "Səbail"di. Onları evdə məğlub edə biləcəksiz?
- Biz rəqibindən asılı olmayaraq hər oyuna qələbə üçün çıxırıq. “Səbail”lə görüşə də üç xal üçün oynayacağıq. Allah qoysa, qələbə qazanan tərəf biz olarıq.

- Bu mövsümki çıxışınızdan sonra, artıq çoxları "əvvəlki "Qəbələ" qayıdır" deyirlər. Səncə, həqiqətən əvvəlki, iddialı "Qəbələ"ni qaytara biləcəksiz, yoxsa çox çətindi bunu etmək?
- Bunları demək üçün hələ tezdi. Bizə verilən tapşırıqları yerinə yetiririk. Hər turda da çıxıb öz oyunumuzu oynayırıq. Necə alınacağını görəcəyik.

Tarix: 15 Sentyabr [11:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2021
19  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio