Kamerunlu forvard: "Yaxşı təklif olsa, Azərbaycanda qalacam" - MÜSAHİBƏ

16:21 - 24 Noyabr 2021

“Keşlə”nin hücumçusu Anatole Abanq Sportal.az saytına müsahibə verib. Kamerunlu hücumçu hazırki klubunda qalıb-qalmayacağı və komandasının Premyer Liqadakı mübarizəsindən danışıb.

- Bir müddətdir ki, “Keşlə”dən ayrılacağın deyilir. Azərbaycan Premyer Liqasında yarışan digər klublardan və xaricdən təklif almısan?
- Yalan niyə deyim, xeyr heç bir təklif almamışam. Nə Azərbaycan klublarından, nə də xarici klublardan təklifim var.

- Onda belə çıxır ki, qışdan sonra “Keşlə”də qalacaqsan?
- Bu barədə də bir söz deyə bilmərəm. Çünki hələ bilmirəm. İndi bütün fikrim qarşıda oyunlara yönəlib.

- Azərbaycanda oynadığına görə məmmunsan?
- Əlbəttə ki. Azərbaycanda oynadığıma görə xoşbəxtəm. Hər şey yaxşıdı. 

- Planların arasında gələcək illərdə “Neftçi” və ya “Qarabağ” kimi komandalarda oynamaq var?
- Heç bir klubdan təklif almamışam. Ancaq dediyim kimi Azərbaycanda yaxşı təklif olsa, təbii ki, burada qalacam.

- “Keşlə”nin bu mövsümki çıxışını necə dəyərləndirirsən?
- Məncə, “Keşlə” bu mövsüm çox yaxşı oynayır. Son turlarda da yaxşı çıxış edirdi. Sadəcə son turda uduzduq. Amma növbəti turda yenə qələbə üçün oynayacağıq.

- Növbəti turda rəqibiniz “Sabah”dı. Hansı ki, son turda “Neftçi”yə qalib gəlib. Onları uda biləcəksiz?
- Bəli, rəqibimiz yaxşı komandadı. Amma biz “Sabah”a qalib gələ bilərik. Hazırlığımız davam edir. Meydana qələbə üçün çıxacağıq.

Xəbər xətti