"Qarabağ"ın sabiq kapitanı və məşqçisi: "İmarət"in vəziyyətini görəndə çox kədərləndik" - FOTOLAR

15:02 - 27 May 2022

Üç gün əvvəl "Qarabağ"ın sabiq məşqçi heyəti və futbolçuları işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Sportal.az xəbər verir ki, səfərdə məqsəd Bakı Media Mərkəzi tərəfindən “Qarabağ” haqda sənədli filmin çəkilişində iştirak etmək olub.

Çəkilişin Ağdamdakı hissəsində 80-ci illərin sonları-90-cı illərdə “Qarabağ”dakı çıxış etmiş şəxslər iştirak edib. Onların arasında o vaxtkı baş məşqçi Ağasəlim Mircavadov, məşqçi Nazim Mehrəliyev və bir neçə futbolçu olub. Onlar dağıımış “İmarət” stadionunda da olaraq kollektiv şəkil çəkdiriblər.

Vaxtilə "Qarabağ"ı "İmarət"də kapitan, daha sonra məşqçi kimi oyuna çıxarmış Nazim Mehrəliyev Ağdam səfəri ilə bağlı saytımıza açıqlama verib. O, illər sonra doğma torpağına səfər etməsilə bağlı təəssüratlarını bizimlə bölüşüb:

"Bəli, gözəl səfər alındı. Artıq Əfətli kəndinə çatanda həyəcanın gəldiyini hiss edirdik. Kombinatdan sağa dönəndə Yaşar və Müşfiq Hüseynovların birinci evi olmalıydı. Təəssüf ki, yerində yox idi. Həmin evin yerində bir mərtəbəli ofis tikmişdilər. Daha sonra isə stadiona yollandıq. "İmarət"i görəndə çox kədərləndik. Çünki o cür stadiondan əsər-əlamət qalmamışdı, meydança tanınmaz hala düşmüşdü. Buna baxmayaraq, toparlandıq, stadionu da gəzdik, köhnə xatirələrdən danışdıq, bizdən əvvəl oynayanları, bizim vaxtımızda oynayanları xatırladıq.

Müşfiq Hüseynov top və formalar gətirmişdi. O vaxtı oyunlara çıxmışlar kimi, formaları geyindilər, stadionda bir-birinə ötürmə verdilər, qol vurdular. Ağasəlim Mircavadovla mən isə kənarda dayandıq məşqçi kimi. Doğrudu, öz torpağımıza gəlib çıxdığımıza görə sevindik. Amma digər tərəfdən stadionun vəziyyətini görəndə çox kədərləndik. .

Stadiondan ayrıldıqdan sonra getdik məscidə. Doğrudu, təmir gedirdi deyə, içəri daxil ola bilmədik. Ancaq orada dayanıb dua etdik ki, yeni stadionumuzda yaxşı oyunlara baxmaq qismət olsun. Şəhidlər Xiyabanına  gedib Allahverdi Bağırovu ziyarət etdik. Bakıdan çıxanda gül götürmüşdüm, qəbirinə qoyduq. Onunla yanaşı digər şəhidlərimizi də ziyarət etdik, Quran da oxutdurduq. Allah hamısına rəhmət etsin. Şahbulağı da ziyarət etdik, qalaya çıxdıq. Həyətdə su, çay içdik. Bir sözlə, həqiqətən insanı keçmiş xatirələrə qaytaran gözəl səfər oldu".

Sonda isə Nazim Mehrəliyev bu gün ölkə kubokunun finalında "Zirə" ilə qarşılaşacaq "Qarabağ"ın şanslarını da qısa dəyərləndirib: "Yəqin ki, "Qarabağ" dubl etməlidiər. Ölkə çempionu oldular. Hər halda kuboku da qazanmağı istəyirlər. Fikrimcə, "Qarabağ" bu oyunda qalib gələcək".

 

 

 

Mirbağırağa

 

 

Xəbər xətti