Mahmud Qurbanov: "Hücumda yer alan legionerlərimiz hələ ki, gözlədiyimiz oyunu oynaya bilmirlər"

18:50 - 19 Avqust 2022

"Ağır oyun keçdi. İlk əvvəllərdə heç də yaxşı oynamırdıq. Lakin qolumuzu vura bildik. Birinci hissədə komandada hərəkət az idi. Ona görə də fasilədən sonra üç əvəzetmə həyata keçirdik. Hər halda bir xalı qazana bildik. Düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik".


Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının üçüncü turununun "Şamaxı" ilə matçından sonra deyib.

O, oyunsonrası keçirilən mətbuat konfransında yeni gələn legionerlər haqda da fikirlərini bildirib: "Müdafiədə yox, hücumda hələ ki, istədiyimizi ala bilmirik. Məncə, biz daha çox hücumu fikirləşməliyik. Bəhanə etmək istəmirəm. Biz də fikirləşirik ki, hücumda yer alan legionerlərimiz hələ ki, gözlədiyimiz oyunu oynaya bilmirlər. Əslində biz onların oyununa baxmışıq, bəyənib dəvət etmişik. Düzdü, Qoba Zakpa demək olar ki, qol ötürməsini verdi. Amma Kizito, Franko, Zakpanın potensialı daha yüksəkdi. Ümid edirik ki, gələcək oyunlarda bizə daha çox kömək olacaqlar. Digərlər legionerlərə və həmçinin də yerlilərimizə güvənimiz sonsuzdu".

Qurbanov komandanın yeni transferi Petro Stasyukdan narazılıq edib: "Birinci yarıda rəqibin sağ cinahı daha aktiv idi. Hücumlarını elə həmin cinahdan qururdular. Elə qolu da sağ cinahdan ötürülən asmadan sonra vurdular. Petro Stasyuk işinin öhdəsindən heç də yaxşı gəlmədi. Komandaya bəlkə də bir hücumameyilli futbolçu gətirdik. Hər halda hazırki futbolçularla yola davam edəcəyik".

Mirbağırağa

 

Xəbər xətti