"Uzun müddətdir ki, birinci divizion Premyer Liqanın kölgəsində qalıb"

12:01 - 19 Mart 2023

"Orxan Əliyev istedadlı oyunçularımızdandır. Müxtəlif səbəblərə görə, təəssüflər olsun ki, bu futbolçu kölgədə qalıb. Amma vaxtı ilə həm Premyer Liqada, həm də xaricdə özünəməxsus yolu var idi. Əfsuslar olsun ki, böyük karyerası alınmadı. Ancaq Orxan bugünkü gündə həqiqətən yaxşı formadadır, qollarını sıralayır. Sonuncu matçda da cərimə zərbəsindən baxımlı qol vurdu. Baxımlı qollarla komandaya kömək olur".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov komandanın və birinci divizionun bombardir Orxan Əliyev haqda danışarkən deyib. 

Bağırov birinci divizionun kölgədə qalmasından gileylənib: “Uzun müddətdir ki, birinci divizion Premyer Liqanın kölgəsində qalıb. Avropada, elə bizə yaxın Türkiyə və İranda birinci diviziona aşağı yanaşılmır. Bizim birinci divizionda Orxan kimi futbolçular var. Özüm birinci liqada olduğuma görə demirəm, əvəzedicilər və divizion klublarında yaxşı futbolçular var. Premyer Liqa klublarının sayı artarsa, buradan daha da çox istedadlı futbolçular üzə çıxa bilər”. 

Gənc mütəxəssis Naxçıvan təmsilçisinin Premyer Liqa hazırlıqlarına başladığını dilə gətirib: "PFL və AFFA ilə danışıqlar davam etdirilir. Premyer Liqa üçün start götürmək istəyirik. İnfrastruktur məsələlərinə gəlincə, AFFA və PFL tərəfindən verilən meyarları yerinə yetirməyə çalışırıq, planlar hazırlayırıq. Yaxın vaxtlarda, geniş və uzunmüddətli plan təqdim edəcəyik. Seleksiya baxımından da, oyunçu izləməyə başlamışıq. Yerli liqamızı birmənalı şəkildə izləyirik. Buradakı işlərimizi başa yekunlaşdırqdan sonra, xaricə də futbolçu üçün müraciət etməyi düşünürük. Asiyadan da ola bilər, bizə yaxın Türkiyədən də. Sürpriz olacaq".

Mirbağırağa
 

Xəbər xətti