Misli Premyer Liqasında sürətli, açıq futbol gedən matçlar izləyəndə, ikiqat zövq verir adama. Dünən keçirilən "Sumqayıt" - "Qarabağ" oyunu da belələrindən idi. Hamının gözünü oxşayırdı sərgilənən futbol. Deyəsən, matçın baş hakimi Fərid Hacıyevdən başqa...
Hacıyevin 60-cı dəqiqədə çıxartdığı vərəqəyə başqa ad vermək, səbəb tapmaq çətindir. Baş hakim "Sumqayıt"ın müdafiəçisi Rayan Sedhadjiyə ikinci sarı vərəqəni göstərərək onu meydandan qovdu. Elə ilk baxışdan da çox ağır qərar olduğu göründü.
Fərid Hacıyev qərar verərkən elementar olaraq Sedhadji ilə rəqib futbolçu arasındakı boy fərqinə nəzər yetirməli idi. "Sumqayıt"lıdan boyda xeyli balaca olan Montiel az qala onun qoltuğunun altına girir. Belədə Sedhadjinin əli onun üzünə toxunur. Amma Rayan onu nə görür, nə də aqressiv hərəkət edir. Sırf oyun epizodu! Fərid Hacıyev isə "Sumqayıt"ın müdafiəçisini meydandan qovmaq qərarı verir. Halbuki, hakimlərə bu məsələdə ciddi təlimat verilib - ikinci sarı vərəqələr rahat-rahat göstərilməli deyil. Bunun üçün ciddi əsaslar olmalıdır. Təəssüf ki, sarı vərəqəlik epizodlara VAR müdaxilə edə bilmir. Bu qayda VAR-da əyləşən Kamal Umudlunun da "əlini-qolunu" bağlamış oldu.
Matçdan sonra keçirilən mətbuat konfransında bu epizodla bağlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da sual verilib. Tanınmış məşqçi də qərarın ağır olduğunu deyib.
Qeyd edək ki, oyun "Qarabağ"ın 4:2 hesablı səfər qələbəsi ilə başa çatıb.
Sportal.az
saytlarin hazirlanmasi
