"Bizim ölkədə yerli futbolçulara daha az dəyər verirlər, burada isə tam əksini görürük" - Albaniyada çempion olan azərbaycanlı

13:18 - 5 İyun 2026

Albaniyanın "Eqnatiya" klubunda çempion olan Zamiq Əliyev Sportal.az saytına açıqlama verib.

O, yeni hədəflərindən danışıb. Bununla yanaşı, Əliyev legioner Azərbaycana geri qayıtmaq istəmədiyini, legioner həyatına davam etmək barədə düşündüyünü bildirib:

"Başqalarının niyə belə qərar verdiyini deyə bilmərəm. Hər kəsin öz seçimi, öz doğruları var. Mənə gəldikdə, əlbəttə ki, Azərbaycan klublarından təkliflərim olub. Amma mən burada qalmağı üstün tuturam. Çünki bizim ölkədə yerli futbolçulara daha az dəyər verirlər. Bir çox yerli futbolçular da bundan əziyyət çəkir. Sizə əminliklə deyə bilərəm ki, Albaniyada tam əksidir. Yerlilərə daha çox dəyər verirlər. Mənimlə razılaşmayanlar ola bilər. Ancaq bu, mənim şəxsi fikrimdir. Bunu gördüyüm və yaşadığım hadisələrə əsasən deyirəm. Hər zaman vurğulamışam ki, əsas hədəfim ölkə xaricində qalmaq və daha güclü liqalarda oynamaqdır. Geri qayıtmaq haqda əsla düşünməmişəm. Baxmayaraq ki, daha sərfəli təkliflər almışam. Allah qoysa, hədəflərimə çatıb, daha yaxşı liqa və daha yaxşı komandalara keçərəm".

Qeyd edək ki, bu dəfə millimizə cəlb edilməyən Zamiq Əliyev ardıcıl ikinci dəfə Albaniya çempionluğunu yaşayıb. Onun "Eqnatiya" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Mirbağırağa

Xəbər xətti