"Kəpəz"in legioneri: "Bizim üçün rəqibin fərqi yoxdur"

15:05 - 14 Aprel 2025

"Kəpəz" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində Tovuz şəhər stadionunda "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib. Gəncə təmsilçisinin yarımmüdafiəçisi Valdemar Almeyda oyundan sonra Sportal.az saytına müsahibə verib:

- "Araz-Naxçıvan"la matç haqda nə düşünürsən?

- Maraqlı oyun idi. "Araz-Naxçıvan" yaxşı komandadır. Biz də meydanda keyfiyyətli iş gördük. "Araz-Naxçıvan"ın turnir cədvəlində vəziyyəti bizdən daha yaxşıdır, ciddi komandadır. Çətin matç alındı. Bu komanda ilə bərabərə qalmaq özümüz üçün uğur sayıla bilərdi.

- Azər Bağırov bildirdi ki, bu görüşdə iki xal itirdiniz. Sən necə düşünürsən?

- Subyektiv fikrim belədir ki, baş məşqçimiz bir çox qol epizodunu əldən verdiyimiz üçün belə deyir. Qol vurmaq şanslarımız az deyildi. Onları dəyərləndirsəydik, bir yox, hətta bir neçə qol vura bilərdik. "Araz-Naxçıvan"dan daha yaxşı oynadıq. 

- Qol epizodlarını vura bilməməyinizi nə ilə əlaqələndirirsən?

- Futboldur, epizodu vurmaq da olur, bəzən də qaçırırsan. Əsas odur ki, komanda şəklində təhlükə yarada bildik. Səhvlərimizin üzərində işləyəcəyik. Yəqin ki, daha çox qol vurmaq şansımız olacaq. Bəli, mənim də qol vurmaq fürsətim oldu. Komanda olaraq şansları əldən verdik. Baş məşqçi yaxşı oyun sərgilədiyimiz üçün bizdən razı idi.

- Növbəti turda "Şamaxı" ilə qarşılaşacaqsınız. Onları məğlub etsəniz, xallarınız eyni olacaq. Bu haqda fikrin necədir?

- Bizim üçün rəqibin fərqi yoxdur. Qalib gəlmək istəyirik. Təbii ki, xallarımızın bərabər olması, 8-ci pillədə yerləşən "Sumqayıt"dan da asılıdır.  Biz bu dəqiqə rəqib yox, özümüz haqda düşünmək istəyirik ki, hər oyun daha da inkişaf edək. 

- "Səbail"dən 8 xal öndəsiniz və böyük ehtimalla Premyer Liqada qalacaqsız. Komandada arxayınlıq var?

- Biz bu haqda ümumiyyətlə fikirləşmirik. Hazırda 9-cu pillədəyik. Amma futbol elədir ki, daim nə üçünsə vuruşmalısan. Çalışacağıq ki, 8-ci, yaxşı olarsa, 7-ci pilləyə qalxaq. 

- "Kəpəz"lə müqavilən mövsümün sonunda başa çatacaq. Komandada qalmağı düşünürsən?

- Hazırda fikrimi "Kəpəz"in oyunlarına cəmləmişəm. Komandaya gəldiyim vaxt əsas tapşırığımız Premyer Liqada qalmaq idi. İndi də buna fokuslanmışam. Çempionatın sonunda necə olacaqsa, onu sonra danışacağıq. İndi bu barədə danışmırıq, danışmaq da istəmirik.

Elçin Əlixan

Xəbər xətti