"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias “Sabah”a qarşı keçirilmiş ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra jurnalistlərə müsahibə verib.
Sportal.az saytına da danışan müdafiəçi komandasının kubokda iştirakını dayandırmasından bəhs edib.
- Azərbaycan kubokunun yarımfinalında “Sabah”a məğlubiyyət (ilk oyun 1:2, cavab oyunu 1:1) haqda nə düşünürsən?
- Klubumuz üçün çətin gün idi. Mövsümün çətin olmasına baxmayaraq, azarkeşləri sevindirmək şansımız var idi. Amma bunun üçün finala çıxmalıydıq. Onun öhdəsindən gələ bilmədik.
- Cavab oyununda “Sabah”ı məğlub etməyinizə nə mane oldu?
- İlk hissədə yaxşı oynadıq və rəqibimizdən üstün idik. Lakin şanslarını reallaşdıra bilmədik. İndi edilə biləcək bir şey yoxdur. Qarşıdakı matçları düşünəcəyik.
- Bu oyunda hakim idarəçiliyi necə idi?
- Mən hakimlər haqqında danışmağı xoşlamıram. Onlarla danışmaq mümkün deyil, dərhal kart göstərirlər. Hakimlərin mənimlə nə problemi olduğunu başa düşmürəm. “Zirə” ilə son turda da vərəqə aldım, amma səbəbini hələ də anlamıram.
- “Neftçi”də qalıb-qalmayacağınıza hələ qərar verməmisiniz?
- Hər şey məndən asılı deyil. Bu işlərlə menecerim məşğul olur. Mənim müqaviləm mövsümün sonunda başa çatır. Yekun qərarı klub verəcək.
- “Neftçi” üçün mövsümün bitdiyini demək olar?
- Avrokuboklara yollanmağımız üçün kubok son şans idi. Təəssüf ki, çıxışımızı yarımfinalda başa vurduq. Çox üzüldüm. Azarkeşlərimizdən üzr istəyirəm. Bizi sona qədər dəstəklədilər. Ən azı son turlarda qələbələrimizlə onları sevindirməyə çalışacağıq.
saytlarin hazirlanmasi