"Qarabağ"ın legioneri: "Bizdə heç vaxt motivasiya problemi olmayıb, hər oyuna ciddi yanaşırıq"

12:22 - 25 Aprel 2025

"Qarabağ"ın futbolçusu Patrik Andrade Sportal.az saytına açıqlama verib. Ağdam klubunun legioneri ölkə kubokunun yarımfinal mərhələsinin "Araz-Naxçıvan"a qarşı keçirdiyi cavab görüşündə (3:0) qazandıqları qələbəni və finala çıxmaqlarını şərh edib:

"Araz-Naxçıvan"a qarşı oyun çox çətin alındı. Xüsusən də birinci hissə çətin idi. İkinci hissədə şanslardan istifadə edərək, qollarımızı vurduq. Finala vəsiqə qazandığımız üçün sevinirik. Biz şansımızı axıra kimi inandıq. Baş məşqçi göstəriş verdi ki, davam edin. Səbir etmək lazım olduğunu bildirdi. Çünki rəqib yaxşı müdafiə olunurdu. İkinci hissədə şanslarımızdan istifadə etdik".
 
O, "Qarabağ"ın titullar qazanması barədə də fikirlərini söyləyib: "Biz motivasiya olmaqda çətinlik çəkmirik. Çünki Qurban Qurbanov bunu hər zaman bizdən tələb edir. Hər oyuna maksimum hazırlaşırıq. Demirəm ki, digər rəqiblər hazırlaşmır, onlar da hazırlaşır. Sadəcə Qurban müəllim tələb edir ki, hər məşqə, hər oyuna ciddi yanaşaq. Oyuna ciddi yanaşırıq, fərqi yoxdur hansı rəqibə qarşı, hansı turnirdə oynayırıq. Əlimizdən gələni edirik. Bizdə heç vaxt motivasiya problemi olmayıb".

Andrade bu sezon Avropa Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanan "Bodo-Qlimt" haqda da danışıb. O, Norveç klubunu bu sezon evdəki yeganə məğlubiyyətini "Qarabağ"dan almasını şərh edib: "Əzmkar olanda, axırda belə nəticələr də əldə edirsiz. Çox güclü komandadır, bu komandanı hörmətim var. Onlara qarşı oynamaq çətin idi. Düzdü, "Bodo-Qlimt"i udmuşuq. Digər rəqiblər uduzub. Çox simpatik komandadır. Onlara azarkeşlik edirəm".

Xəbər xətti