"Neftçi" ardıcıl ikinci mövsümdür ki, avrokuboklardan kənarda qalır. Kluba iki ilə 60 milyon manat civarında maliyyə ayrılsın, avrokuboklarda qruplara düşmək bir yana qalsın, daxili çempionatda heç 4 vəsiqə qazananlar sırasına düşə bilməyəsən...
Bu 2 ildə 3 əcnəbi məşqçidən sonra özümüzünkü də gəlib məlhəm ola bilmədi "Neftçi"yə. Samir Abasov hər nə qədər günahı üstündən atmağa çalışsa da, onun da qəbahəti böyükdür. Deməyində həqiqət var ki, ona qədər seleksiya işləri pis aparılıb, kimlərsə "Neftçi"ni "ikinci sort" futbolçularla doldurub, bunun məsuliyyəti onun üzərində deyil. Lakin Abasov hara gəldiyini yaxşı bilirdi, hansı yükün altına girdiyini də yaxşı dərk edirdi. Hər halda onu "Neftçi"yə komandanı Premyer Liqada saxlamaq üçün gətirməmişdilər. Komandanı avrokuboklara aparmaq üçün həm vaxtı, həm də şansı var idi. Yaxşı günlərini yaşamayan "Sabah" ı kubokda mübarizədən kənarlaşdırmaq, Premyer Liqada həddən artıq xal itkiləri ilə üzləşən "Araz-Naxçıvan", "Turan Tovuz" kimi klubları da haqlamaq olardı. Lakin Samir Abasov heç nə bacarmadı. Nə çempionat yolu ilə, nə də kubok!
Abasovun ən böyük səhvi Emin Mahmudov məsələsidir. Hamı gözləyirdi ki, Samir Abasov "Neftçi"yə gələn kimi kapitanlıq sarğısını Eminə qaytaracaq. Amma sən saydığını say, gör, Samir kimləri sayır. Elə bil Abasov bu posta gələndə Qriqorçuka söz vermişdi ki, onun aldığı sarğını bir də Eminə qaytarası deyil. Kim bilir, bəlkə də Qriqorçuka yox, başqa birinə...
Samir Abasovun Emin Mahmudovu əvvəlki formasına qaytarmaq üçün kifayət qədər vaxtı var idi. Lakin qərarsızlığı, kiminləsə üz-göz olmaq qorxusu buna imkan vermədi. Az qala hamı bilir ki, Emin Mahmudov ətrafında baş verənlər onun maaşının azalmasına razılıq verməməsi ilə birbaşa bağlı durum idi. Düzdü, Samir Abasovun gəlişi vəziyyəti qismən dəyişdi, amma qismən.
"Sabah"la kubokun cavab matçı göstərdi ki, Emin Mahmudov xilaskar ola bilərdi. Samir Abasov oyundan sonra özü də qeyd edib ki, Emin lider kimi oynadı, amma gücünü 90 dəqiqəyə darta bilmədi. Çünki o, bu mövsüm nə fiziki, nə də psixoloji olaraq həminki Emin deyil.
Ehtimal var ki, Emin Mahmudova kapitanlıq sarğısının qaytarılmaması elə Abasovun öz qərarıdı, heç kimin diqtəsi ilə hərəkət etməyib. Əgər həqiqətən elədirsə, Samir Abasov bilsin ki, Azərbaycan çapında belə heç vaxt böyük komandada, böyük futbolçularla davamlı nəticələr verəcək məşqçi olmayacaq. Böyük futbolçularla işləmək tək savad məsələsi deyil, onlarla uyuşmaq, maksimumu almaq bacarığıdır. Samir Abasov isə bu mövsüm Emindən maksimumu ala bilmədi, bunun da cəzasını çəkdi.
Həmid
saytlarin hazirlanmasi