"Şkendiya" ilə oyunun gözə dəyməyən qəhrəmanı - "Qarabağ" üçün Pedro Bikalyonun əhəmiyyəti

19:26 - 6 Avqust 2025

Romaonun gedişindən sonra "Qarabağ"da yarımmüdafiənin dayaq zonasında ciddi sıxıntılar nəzərə çarpırdı. Qurban Qurbanov qışdan sonra bu boşluğu Benzia ilə doldururdu. Amma bu da problemin həlli kimi görünmürdü. Benzia getdi, amma qalsaydı belə, avrokubok matçlarında rəqiblərin ciddi təzyiqi altında top alıb çevrilmələri, dağıdıcılıq imkanlarının nə qədər yetərli olacağı sual altında idi. 

Qurban Qurbanova təcili yaxşı "6 nömrə" lazımıydı. O, seçimini 24 yaşlı braziliyalı Pedro Bikalyodan yana etdi. Açığı, "Şelburn"la matçlarda Pedro o qədər də diqqət çəkmədi. Hərçənd, cavab matçında ilk oyunla müqayisədə daha yaxşı təsir bağışladı.
 
"Şkendiya" ilə dünənki oyun "Qarabağ"ın bu futbolçusuna qiymət vermək baxımından daha uyğun məqam idi. Pedro "Şkendiya" ilə oyunda bacarığının müəyyən qismini ortaya qoya bildi. Bəlkə də əksər azarkeşlər onun rolunu adi gözlə sezmədilər. Amma əminəm ki, rəqəmlər, oyun analizi proqramları Bikalyonun iş əmsalından irəli gələrək indeksini yüksək verəcək. 

Bikalyo "Şkendiya" ilə oyunun gözə görünməyən qəhrəmanı oldu. Əsas özəlliyi komanda yoldaşlarını düzgün və zamanında sığortalaması idi ki, Pedro neçə-neçə təhlükəli həmləni vaxtında zərərsizləşdirməklə işini layiqincə gördü. 

Amma onu da deməliyik ki, Pedro hələ ki ideal formasında deyil. Həm fiziki səviyyəsini optimallaşdırmalı, həm də yeni komandasının oyun üslubuna uyğunlaşmalıdır. Lakin indidən görünür ki, orta sahədə Bikalyo-Yankoviç tandemi hesabına yaxşı işlər görmək mümkün olacaq.

 
Həmid

Xəbər xətti