Meksika millisinin futbolçuları blogerin hədiyyə etdiyi "Rolex" saatlardan imtina ediblər.
Sportal.az xəbər verir ki, DÇ-2026-nın 1/16 finalında Ekvador yığması ilə oyundan (2:0) əvvəl bloger Stefan Deleonardis Meksika millisinin düşərgəsinə baş çəkib və futbolçulara, eləcə də məşqçilər korpusunun üzvlərinə "Rolex" saatları hədiyyə edib. O, "YouTube" kanalında bildirib ki, hər bir saatın qiyməti 30 mindən 90 min dollara qədər olub, kolleksiyanın ümumi dəyəri isə 1 milyon dollar təşkil edib.
Bloger bu addımını əvvəllər Meksikada yaşaması ilə izah edib. Bundan başqa, o, Meksikanın Ekvador üzərində qələbəsinə 2 milyon dollar mərc etdiyini, bu proqnozun doğru çıxacağı halda əlavə 1 milyon dollar qazanacağını da açıqlayıb.
Daha sonra Meksika millisi bildirib ki, “qarşılıqlı razılıq əsasında” həmin saatları geri qaytarmaq qərarı verib.
FIFA-nın Etika Məcəlləsinin 21-ci maddəsinə əsasən, “simvolik və ya cüzi dəyəri” olmayan hədiyyələrin verilməsi və qəbul edilməsi qadağandır. Bu qaydanın pozulması ən azı 10 min İsveçrə frankı (təxminən 12 500 dollar) cərimə və iki ilə qədər futboldan uzaqlaşdırma ilə nəticələnə bilər.
Qeyd edək ki, Meksika millisi DÇ-2026-nın 1/8 finalında İngiltərə yığması ilə qarşılaşacaq. Oyun 6 iyulda, Bakı vaxtı ilə 04:00-da başlayacaq.
saytlarin hazirlanmasi
