Ramil Şeydayev: "Qarabağ" karyeramın əsas klublarından biridir"

19:22 - 9 Avqust 2026

"Soçi"nin yeni transferi Ramil Şeydayev Rusiya klubun mətbuat xidmətinə müsahibə verib.

Sportal.az xəbər verir ki, millimizin formasını geyinmiş hücumçu Rusiyadakı hədəflərindən də bəhs edib. 

-  Ramil, “Soçi”yə xoş gəlmisən! Kluba keçidin necə alındı? Təklif barədə çox düşündün?

İlk növbədə, çox sağ olun. Burada olduğum üçün şadam, komandaya kömək etmək istəyirəm. Təklif gəldi və çox düşünmədim. Hər şeyi müzakirə etdik, danışdıq və belə də alındı. Nəticədə özümü burada tapdım.

- Artıq bir neçə gündür komanda ilə məşq edirsən. Adaptasiya prosesi necə gedir? Futbolçulardan kimləri əvvəldən tanıyırdın?

Hər şey əla gedir. Ümumiyyətlə, Rusiyada mənim xüsusi adaptasiyaya ehtiyacım yoxdur. Futbolçulardan Maks Kuzmini və İqor Kalinini tanıyırdım. Düşünürəm ki, digər oyunçularla da heç bir problem olmayacaq. Çox mehriban kollektivdir.

- Son rəsmi matçını bir neçə ay əvvəl keçirmisən. Hazırkı fiziki durumunu necə qiymətləndirirsən və optimal formaya çatmaq üçün nə qədər vaxt lazım olacaq?

Formamla bağlı sualı daha yaxşı məşqçilərə vermək olar. Onlar bunu məşqlərdə görəcəklər. Təbii ki, istənilən halda forma toplamaq lazımdır və hazırda bunun üzərində çalışıram. Artıq lazımi fiziki hazırlıq səviyyəsinə yaxınlaşıram. Ümid edirəm ki, hər şey çox tez qaydasına düşəcək.

- Rusiya, Slovakiya və Azərbaycan çempionu olmusan. Bu çempionluqlardan hansı sənin üçün daha xüsusi yer tutur?

Yəqin ki, “Qarabağ”la Azərbaycanda qazandığım çempionluq. Həmin mövsüm bütün il ərzində oynadım, böyük iş gördüm və çempionatın ən yaxşı bombardiri oldum. Yəqin ki, məhz həmin titul mənim üçün ən xüsusidir.

- Karyeran ərzində beş ölkədə – Rusiya, Azərbaycan, Türkiyə, Slovakiya və Tailandda çıxış etmisən. Sənin fikrincə, bu çempionatlar bir-birindən nə ilə fərqlənir?

Ümumiyyətlə, futbol hər yerdə az-çox eynidir. Yəqin ki, əsas fərqlər iqlim şəraiti və insanların mentaliteti ilə bağlıdır. Haradasa futbol matçlarına daha çox, haradasa isə daha az tamaşaçı gəlir. Amma ümumilikdə düşünürəm ki, futbol hər yerdə futboldur.

- Karyeranda “Qarabağ”ın xüsusi yeri var. Bu kluba üç dəfə qayıtmısan. Bu necə baş verdi? “Qarabağ”ı karyeranın əsas komandası hesab edirsənmi?

Hər dəfə fərqli səbəblər və fərqli şərtlər olub. Bu barədə uzun danışmaq olar, çünki hər vəziyyətdə hadisələr fərqli cərəyan edib. Amma əlbəttə, “Qarabağ” karyeramın əsas klublarından biridir.

- Məhz “Qarabağ”ın heyətində avrokuboklarda debüt etdin və beynəlxalq arenada mütəmadi çıxış etdin. Bu oyunlar sənin üçün nə ifadə edirdi?

- Onları tez-tez xatırlamıram, amma əlbəttə, avrokuboklar həmişə möhtəşəm və çox maraqlıdır. Həm Çempionlar Liqası, həm də Avropa Liqası əla turnirlərdir. Həm evdə, həm də səfərdə oynamaq xoşdur. Böyük marağın olduğu və xüsusi atmosferin yaşandığı oyunlardır.

- Rusiya yığmasının aşağı yaş qruplarında Avropa çempionu olmusan, daha sonra isə Azərbaycan millisində çıxış etmək qərarı vermisən. Bu qərarı qəbul etmək sənin üçün nə dərəcədə çətin idi?

- Ətraflı danışsam, bu, çox vaxt aparar. Əlbəttə, bu barədə düşündüm və qərarı dərhal vermədim. Rusiya U-21 millisindən Azərbaycan milli komandasına keçdim. Hər şeyin belə alınmasına qətiyyən peşman deyiləm. Azərbaycan millisində çıxış etdiyim üçün çox şadam. Orada özümü çox yaxşı hiss edirəm. Bura atamın vətənidir.

- Azərbaycan millisində 70-ə yaxın oyun keçirmisən və Almaniya ilə Xorvatiyaya qarşı qol vurmusan. Özün üçün ən yaddaqalan qollar hansılardır?

Yəqin ki, məhz Almaniya və Xorvatiyaya vurduğum qollar. Bu iki qol ən çox yadda qalanlardır.

- Qarşıdakı mövsümdə Birinci Liqada çıxışla bağlı gözləntilərin nələrdir?

Ən əsas gözləntimiz Premyer Liqaya yüksəlməkdir. Başqa məqsəd yoxdur.

Xəbər xətti