Fanat.az-ın baş redaktoru: "Güzəranın yaxşılaşması üçün tikintidə də işləmək olar, taksidə də" LAYİHƏ

20:50 - 26 Yanvar 2017

Əksər sahələrdə olduğu kimi, idman jurnalistikasında da durğunluq hökm sürür. Saytların əksəriyyəti ofissiz, bir neçə əməkdaşla işə davam eləyir, keyfiyyət get-gedə aşağı düşür. Mövcud durumla bağlı Sportal.az-da yeni layihəyə start veririk – “İdman jurnalistikasının bu günü”. Reallıq, problemlər, çıxış yolları və s. Layihə çərçivəsində ilk müsahibimiz Fanat.az saytının təsisçisi və baş redaktoru Əli Sahibdir.

 

İdman mətbuatının pulsuzluqdan əziyyət çəkdiyi bir vaxtda aparıcı idman saytlarından olan Fanat.az-da vəziyyət necədi?

Ölkədə durum göz qabağındadı, iqtisadi böhrandı. Təbii ki, bütün bunlar mətbuata da təsirsiz ötüşmür. Bu hələ başlanğıcdı, bundan da pis ola bilər. Əvvəllər də belə hallarla üzləşmişik. Ancaq bu elə tuneldir ki, sonu dalan da ola bilər, bu tunelin sonunda işıq ucu görünmür.

 

Keçən ilin əvvəllərində idman mediasına dəstək olmaq üçün AFFA-nın yanında Media Komitəsi yaradıldı. Sizcə, bu qurum maddi durumun yaxşılaşması və idman mətbuatında keyfiyyətin artmasına gətirib çıxardımı?

Bir çox həmkarlarımız var ki, əvvəldən də onların ağır yüklü, oxunaqlı yazıları olub. Lahiyə çərçivəsində də elə onların qələmindən çıxan yazılar önə çıxdı. Amma həmkarlarım inciməsin, bu layihə çərçivəsində qeyri-adi, yeni heç nə görmədim. Hətta elə məlumatlar da var idi ki, adi “dejurni” xəbərlərin altına “layihə çərçivəsində” yazırdılar. Bu da gülünc görünür. Durumun yaxşılaşdırılmasına gəlincə, inanmıram ki, ordan gələn pulla kiminsə vəziyyəti fövqəladə şəkildə yaxşılaşsın. Nə keyfiyyət, nə də maddi durum baxımından elə bir dəyişiklik oldu.

 

Fanat.az-la yanaşı Media Komitəsinə qatılmayan saytlar da oldu, sonradan komitəni tərk eləyənlərdə. Bu yaxınlarda həmkarımız Anar Cəfərsoy komitənin fəaliyyəti ilə bağlı ölkə başçısı İlham Əliyevə şikayət ünvanlayıb...

Bu komitə yarananda, əvvəldən bizə elə görünürdü ki, bu layihə uğur qazanmayacaq. İstəməzdim ki, idman mətbuatının toplaşdığı bir qurum uğursuzluğa düçar olsun. Yenə deyirəm, strategiya əvvəldən də səhv idi. Ümumiyyətlə komitənin fəaliyyətinin nədən ibarət olması ilə bağlı dolğun informasiya verilmədi ictimaiyyətə. Bu komitənin məqsədi nədi? Düzdü, qısa zamandı, təxminən bir il. Amma bir ilə nəyəsə nail olmaq mümkün idi. Komitənin mərhələli planları olmalıydı. Lakin belə bir plan olmadığı üçün ayrı-ayrı layihə yazılarına üstünlük verdilər. Hər şeydən əvvəl jurnalistlər bilik və peşəkarlıq səviyyəsinə görə bölünməliydi. Bizim idman mətbuatının idman savadı və dil bilgiləri çox aşağıdı. Bu yöndə işlər aparılmalıydı. Güzəranın yaxşılaşması üçün tikintidə də işləmək olar, taksidə də. Amma peşəkarlaşmaq üçün savad artmalıdı, dil bilgiləri təkmilləşməlidi. Hal-hazırda idman mətbuatında futbolu bilən, təhlil eləyən, qaydalardan dərin məlumatı olan jurnalistlərimiz demək olar ki yoxdur.

 

Sizə elə gəlmir ki, Media Komitəsi mətbuatı iki cəbhəyə böldü?

Yox, belə düşünmürəm. Ola bilər ki, Media Komitəsini yaradanlar mətbuatı iki yerə bölmək istəyiblər. Sadəcə fikirlər haçalandı, komitəyə qoşulanlar və qoşulmayanlar oldu. Çoxluq olan yerdə narazılıqlar da olacaq, haqlı və haqsız danışanlar da olacaq. Lakin qıraqdan baxanda da, komitədə layihələrin bölüşdürülməsində, seçilməsində ədalətsizliyə yol verildiyini görmək olur. Mənim fikrimdi bu, kənardan belə görünür.

 

Bəs, bu sahənin inkişaf etdirilməsi üçün hansı işlər görülməlidi?

Bu sahənin inkişaf etdirilməsi üçün hər bir sayt rəhbərinin, redaktorun, müxbirin üzərinə fərdi məsuliyyət düşür. Baş redaktorlar saytın inkişaf etdirilməsi üçün yeni idelar, yeni vasitlər araşdırmalıdı, jurnalistlər çoxlu mütaliə etməlidi. Saytlarda maraqlı yazılar, oxunaqlı xəbərlər yerləşdirilməlidi. Sayt əməkdaşları seminarlara qatılmalı, bilgilərini artırmalıdılar. Amma reallığımızda bütün bunları etmək üçün hər şey maliyyəyə söykənir. Bir müddət əvvəl mətbuatın səviyyəsi futboldan üstün idi, amma bu gün idman mətbuatı futbolumuzdan da bərbad günə düşüb. Klublarımız demək olar hamısı bir ələ baxır, dövlətdən maliyyələşir. Səkkiz klub bir ələ baxırsa, burada inkişafdan söhbət gedə bilməz. Rəqabət olmayan yerdə inkişaf ola bilməz. O cümlədən də idman mətbuatı. Burada da rəqabət yoxdu. İnternet mediası üçün reklam bazarı monopoliyada olmalı deyil. Asılılıq aradan qalxmalıdı ki, rəqabət yaransın və inkişaf olsun. 

Xəbər xətti