Xorvatiya millisində növbəti ciddi itki

15:58 - 10 Mart 2019

Avropa çempionatının seçmə mərhələsinin ilk turunda doğma meydanında millimizi qəbul edəcək Xorvatiya yığması növbəti ciddi itki ilə üzləşib. 

 

Sportal.az xəbər verir ki, komandanın hücumçusu Marko Pyatsa sıradan çıxıb. İcarə əsasında "Fiorentina"da çıxış edən 23 yaşlı futbolçu komandasının dünənki məşqində dizindən xəsarət alıb. Tibbi müayinədən sonra onun diz bağlarının qopduğu məlum olub. Pyatsanın əməliyyat olunacağı və 4-6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 

 

Müqavilə ilə "Yuventus"a məxsus olan hücumçu bu mövsüm Florensiya klubunun heyətində meydana çıxdığı 19 qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Xorvatiyalı oyunçu 2017-ci ilin martında da dizindən zədə alıb və 7 aya yaxın oynamayıb.

 

Bu, millimizlə oyunöncəsi Xorvatiya yığmasında artıq 4-cü ciddi itkidir. Pyatsadan əvvəl digər zədəlilər - Şime Vrsalko, Yosip Pivariç və cəzalı Deyan Lovrenin komandamıza qarşı oynamayacağı açıqlanıb. Bundan başqa, komandanın əsas hücumçularından Ante Rebiç də dizindəki zədəyə görə Azərbaycanla görüşü buraxa bilər.

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü martın 21-də baş tutacaq. 

Xəbər xətti