Azərbaycan milli komandasının keçmiş futbolçusu Vəli Qasımov Rusiya mətbuatına müsahibə verib.
Sportal.az championat.com-a istinadən xəbər verir ki, sabiq hücumçu müsahibəsində Moskva “Dinamo”suna keçidi haqda danışıb:
“Neftçi”yə çempionat başlamazdan əvvəl gəlmişdim. O vaxta qədər Xarkovda hərbi məktəbdə oxuyurdum – kursant idim. “Neftçi”də məni normal qəbul etdilər və dedilər: “İşlərimizi həll etmək üçün Moskvaya gedəcəyik, ancaq hərbi formanı da götür. Sonra anidən məni hərbi hissəyə gətirdilər. Orada iki gün qaldım. Bütün əsgərlər kimi mən də qab yudum, qar təmizlədim. O iki gün mənə iki il kimi gəldi. Sonra məni yenə apardılar. Bir avtomobildəydik və mənə dedilər ki, niyə heç soruşmursan ki, hara gedirsən? Dedim ki, Bakıya? Dedilər yox, artıq Moskva “Dinamo”sunun futbolçususan.
Məni hərbçi kimi Mosvkaya göndərmişdilər. Daha sonra məni Novoqorska apardılar, ertəsi gün “Dinamo”nun Eşerdəki təlim-məşq toplanışına qoşuldum. Orda özümü yaxşı göstərdim və hiss edirdim ki, heyətə girməyi bacarmışam. Moskvaya qayıdanda “Neftçi” nümayəndələri gəldi və dərhal Eduard Malofeyevə müraciət etdilər. O da məni çağırıb soruşdu: “Burdan getmək istəyirsən? Sən heyətə düşürsən”. Nə deyəcəyimi bilmirdim. Onda Malofeyev dedi ki, sən get məşğul ol, mən razılaşacağam. Amma danışmaq alınmadı, bir gün sonra “Neftçi”yə qayıtdım”.
İspaniyanın "Betis" klubunda çıxış edərkən başına gələn maraqlı əhvalatı danışan keçmiş hücumçu həmin dövrdə hərdən içki məclisləri təşkil etdiklərini bildirib:
"“Biz tez-tez komandayla ünsiyyətdə olurduq. Bir dəfə yaxşıca yeyib-içdik. Andrey Kobelevin evində 4-5 futbolçu ilə toplaşdıq və ruslarda olduğu kimi əyləndik. Səhər ispanlar şikayətlənirdi: “Başımız ağrıyır, süd də içirik kömək etmir. Siz belə necə içirsiniz? Siz dəlisiz”. Bir sözlə, bizim kimi içmək xoşlarına gəlmədi. Deməzdim ki, biz o qədər çox içmişdik ki, baş ağrısın. Hər şey ölçüsündə idi. Səhər özümü yaxşı hiss edirdim. Adətən oyunlardan sonrakı istirahət günlərində restoranlarda yığışır, insanlardan gizlənib VİP zonalarda əyləşirdik. Orda sadəcə restorana gəlmək və sakit oturmaq olmurdu. İnsanlar yaxınlaşır avtoqraf istəyirdilər”.
Vəli Qasımov 1992-ci ildə “Dinamo”nun heyətində Rusiya çempionatının bombardiri olub. Daha sonra İspaniya “Betis”inə keçən Qasımov, müxtəlif vaxtlarda “Albasete”, “Esixu”, “Vitoriya” və “İmortal” kimi klublarda çıxış edib.
Qasımov 1987-1991-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Veteran hücumçu 14 dəfə də Azərbaycan millisinin formasını geyinib.
saytlarin hazirlanmasi