Onlayn keçiriləş şahmatın blits üzrə “İpək Yolu Kuboku”nun qalibi Rauf Məmmədov yarışla bağlı təəssüratlarını bölüşüb.
Sportal.az 32 yaşlı qrossmeysterin müsahibəsini təqdim edir:
- Sizi Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakıyla keçirilən “İpək Yolu Kuboku”nda qələbə münasibətilə təbrik edirik.
- Pandemiya dövründə bütün idman növləri kimi şahmatda da yarışlar təxirə salındı. Az saylı ölkələrdə şahmat üzrə onlayn yarışları təşkil olunur. Sevindiciri haldır ki, ölkəmizdə əvvəlcə “Azərbaycan Kuboku”, sonra isə Respublika Gününə həsr olunan “İpək Yolu Kuboku” təşkil olundu. “İpək Yolu Kuboku”nda 55 şahmatçı iştirak etdi, onlardan 36 iştirakçı qrossmeyster idi. Kifayət qədər samballı məbləğ – 20 min avro mükafat fondu təyin olunmuşdu. Biz şahmatçıları düşündükləri üçün təşkilatçılara – Azərbaycan Şahmat Federasiyası, FİDE-nin vitse-prezidenti Mahir Məmmədova və təbii SOCAR-a çox sağ ol deməyə borcluyam. Yarışa gəldikdə müəyyən hazırlıq keçmişdim. Düşünürdüm artıq pandemiya dövründə hazırlığım lazım olmayacaq. “İpək Yolu Kuboku”nda çox maraqlı gedişat izlədik.
- II turda Aydın Süleymanlıya uduzan Rauf son turda onun köməkliyi ilə çempion oldu.
- Aydın Süleymanlı sanki “Aeroflot-2019”dakı köməkliyi qaytardı. Əlbəttə, bu zarafatdı. Süleymanlı çox yaxşı şahmatçıdır. Artıq onun bizə yaxınlaşdığını hiss edirik. II turda Aydına uduzandan sonra vəziyyət dəyişdi. Şanslarım bir qədər azaldı. Amma III turda Şəhriyar kimi qrossmeysterə qalib gəldim. Məhz Şaha qalib gələndən sonra düşündüm ki, turniri xeyrimə həll edə bilərəm. Son turda Aydın Süleymanlı Gürcüstan təmsilçisi Bahadur Cobava ilə heç-heçə oynadı. Hərçənd oyunun əvvəlində vəziyyət o qədər də yaxşı deyildi. Aydın bərabərlik etməklə mənə qələbə qazanmaq üçün şərait yaratdı. Bundan sonra nəticə özümdən asılı idi. Gürcüstan təmsilçisi Nika Volkovu məğlub etməklə birinci yeri təmin etdim.
- Deməli, millidəki komanda yoldaşın Şəhriyar Məmmədyarov üzərində qələbə həlledici olub ?
- Şəhriyar dünyanın aparıcı şahmatçılarından biridir. Klassik şahmatda onunla bacarmaq çətindi. Blitsdə vəziyyət fərlidi. Məncə, blitsdə uğur qazanmaq üçün bəxtin olmalıdı. "Şah"la oyunda bəxt mənim tərəfimdə idi. Mənim bəxtim bir az çox gətirdi. Sözsüz, həmin turdan sonra öz gücümə daha çox inandım.
- Karantində Rauf Məmmədov vaxtını necə keçirir?
- Karantində asudə vaxtlarım çoxdur. 8 saat yatırıq, bundan sonra düz 16 saat asudə vaxtımız olur. Bu saatlarda kitab oxuyuram, kinolara baxıram. Şahmat dünyasıyla bağlı maraqlı kitablar çoxdur. Dahi şahmatçıların debütləriylə maraqlanıram. Sanki şahmatda yenidən məktəbə getməyə başlamışam (gülür).
- Onlayn şahmat əvvəlki adi qaydada keçirilən turnirləri unutdurur?
- Şahmatı internet üzərindən oynamaq rahatdı. Digər növlərdən fərqli olaraq onlayn şahmat yarışı keçirmək daha münasib görünür. Təyyarəyə bilet alaraq yola çıxmırsan, evdə internetlə istənilən yarışda iştirak etmək olar. Bununla belə, klassik şahmat yarışları başqadır. Karantinin tezliklə başa çatacağına inanıram. Yarışlar üçün darıxmışıq. Yeri gəlmişkən, bir çox şahmatçı məhz turnirlərdə iştirakla maddi vəziyyətini düzəldir. Turnirdə yaxşı çıxış etməklə normal pul qazanırsan. Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi “Azərbaycan Kuboku”, “İpək Yolu Kuboku” turnirləri də bizlərə kömək oldu. Ümid edirəm növbəti ay daha bir turnir təşkil olunacaq.
- İdmançılar karantində çəki artımından şikayətlənir. Rauf Məmmədov necə, yenə kökəlib?
- Düzünü deyəcəm. İdmanla məşğul olmağa imkan olmayıb. Amma kökəlməmişəm. Əksinə 5 kq çəki atmışam.
saytlarin hazirlanmasi