"İrqçilik etmək cahillikdir" - Pol Poqbadan sərt sözlər

17:35 - 2 İyun 2020

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polisin saxlamasından sonra ölən afroamerikalı Corc Floydun ölümü barədə sosial hesabında üzüntüsünü paylaşıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu hər gün qaradərili insanların irqçiliyə məruz qaldığını yazıb:

 

"Son günlər Minneapolisdə baş verənlərlə bağlı hisslərimi necə anlada biləcəyimi düşünürdüm. Qəzəb, Nifrət, acı, üzüntü hiss etdim. Futbolda, işdə, məktəbdə, bir sözlə, hər yerdə irqçiliyə məruz qalan Corc və onun timsalında qaradərili insanlar üçün üzülürəm.

 

İrqçiliyin sabah və ya ertəsi gün bitməsi lazım deyil. Buna bu gün son qoyulmalıdır. İrqçilikdən qaynaqlanan şiddətə dözmək olmaz. Buna dözməyəcəyəm, dözməyəcəyik! İrqçilik cahillikdir. Səssiz qalmayın. İrqçiliyə qarşı olun".

 

ABŞ-da baş qaldıran kütləvi etirazlar və iğtişaşlar mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının saxlanılma videosunun internetə sızmasından sonra başlayıb. Polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxıb. Onlardan biri Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlayıb. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat edib. Mayın 26-da həmin 4 polis işçisi işdən çıxarılıb, onlardan biri saxlanılıb.

Xəbər xətti