"İsti yerimdən ayrılıb, "Neftçi"yə gəlməyimə peşmanam"

15:59 - 11 İyun 2020

"Neftçi"nin 15 yaşlılardan ibarət komandasının baş məşqçi postundan göndərilən Elnur İmamquliyev Sportinfo.az-a müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- "Neftçi"dən göndərilməyinizə səbəb nə oldu?
- Səbəb göstərdilər ki, səndə B kateqoriyasıdır. Bundan sonra akademiyaya ancaq A kateqoriyası olan məşqçilər götürüləcək. Mən də normal başa düşdüm, razılaşdım və ayrıldım. Aramızda başqa söhbət olmadı.

 

- Sonuncu dəfə rəhbərlikdən kiminlə görüşdüz?
- Sonuncu dəfə 2 gün əvvəl Ceyhun Sultanovla görüşüm oldu. Həmin görüşdə mənə dedi ki, sizinlə yollarımız ayrılır.

 

- İndi nə etməyi düşünürsüz?
- Hazırkı vəziyyətdə heç bir şey fikirləşmirəm. Çünki heç bir yer işləmir. Yəqin ki, hazırda hansısa komandada yer olmaz. Oturub avqustu gözləyək. Görək, nə olacaq, kim təklif göndərəcək.

 

- "Neftçi" ilə müqaviləniz nə vaxta kimi idi?
- Mən müqaviləni yanvarda bir illik bağlamışdım. Bitməyinə hələ vardı. Amma dedilər ki, maaşını iyuna kimi verəcəyik. Ondan sonrası verilməyəcək.

- Müqavilə birtərəfli qaydada pozulubsa, niyə pulunuzu tam vermirlər?
- Əslində, maaşım müqavilənin sonuna kimi ödənməli idi. Amma mən elə bir adamam ki, durub orada "maaşımı son qəpiyinə kimi verin" söhbəti edə bilmərəm. İstənilməyən yerdə qalmaram. Bir halda ki məni istəmirlər, oradan maaş almağın nə mənası var axı?..

 

- Daha öncə "Qəbələ"da çalışırdız. Hazırda baş verənlərə görə, ordan ayrılmağınıza peşman deyilsiz?
- "Qəbələ"dən sonra Kazbek Tuayevin direktoru olduğu futbol məktəbinə getmişdim. Oradakı isti yerimdən ayrılmağıma peşmanam. "Neftçi"dən dəvət gəldi, razılaşdım. Arxayın oldum ki, "Neftçi" kimi kluba gəlirəm. İndi də belə oldu. Heç nə deyə bilmədim.

Xəbər xətti