Azərbaycanlı futbolçu Avstraliyada qapı-pəncərə fabrikində işləyir - MÜSAHİBƏ

11:11 - 18 İyun 2020

İlham Məmmədovla Nəbi Xanciqazov Almaniyada, Elşən Qəmbərovla Aron Zərbəliyev ABŞ-da, Yadigar və İmamyar Süleymanov qardaşları Rusiyada, Yalçın Bağırov İsveçdə, Ramil Sayadov Avstraliyadadı.

 

Sanki vaxtilə Azərbaycan çempionatlarının iştirakçısı olmuş bu insanları əllə götürüb dünyanın müxtəlif ölkələrinə səpmisən.

 

Yuxarıda adları çəkilənlərin hər biri ilə zaman-zaman danışmış, Azərbaycandan qaçaq düşmələrinin səbəbindən tutmuş futbolçu karyeralarına qədər söz açmışıq. budəfəki müsahibimiz futbolçu vaxtlarında “kötük” ləqəbi ilə tanınan Ramil Sayadovdur.

 

Sportal.az xəbər verir ki, futbola “Xəzər Universiteti”ndə başlayan, daha sonra “İnter”lə “Simurq”un şərəfini qoruyan, karyerasını 2012-ci ildə, yəni 29 yaşında başa vuran Sayadov artıq neçə illərdir “kenquruların vətəni”ndə yaşayır.

 

İki övladı orda dünyaya gəlib, özü də artıq “avstraliyalı” olub. Odu ki, futbolsuzluq dönəmində Ramili danışdırmağı məqsədəuyğun saydıq.

 

- Xeyli vaxtdı Avstraliyadasan. Vəziyyət necədi oralarda?
- Pis deyil, yaxşıdı. Əsas odu ki, rahatlıq var.

 

- Koronavirus oralara da gəlib çıxıb?
- Hə, buralarda idi (gülür). Bir müddət əvvəl vəziyyət ciddiləşmişdi. Kafe-restoranlar, əyləncə mərkəzləri, trenajor və üzgüçülük zalları məhdudiyyətlə işləyirdi. Amma burda Bakıdakı kimi deyil. Nə sərt karantin rejimi var, nə də yollar bağlanıb. Təhlükə 90 faiz səngidi. İndi hamı işində-gücündədi.

 

- Çempionat dayanmışdı?
- Hə, çempionatda məcburi fasilə idi. Artıq davam edir, azarkeşlər tribunalardakı yerini tutur.

 

- Sən iş görürsən orda? Yəqin ki, işləyirsən.
- Xaricdə işsiz qalmaq mümkün deyil. İstər Avstraliyada olsun, istər Almaniyada, istərsə də Amerikada. Mən də alüminium fabrikində çalışıram. Əsasən qapı-pəncərə istehsalı ilə məşğuluq. Yeni tikilən binalar sifariş verir, onlar üçün məhsul hazırlayırıq.

 

- Dolanışıq necədi?
- Şükürlər olsun, yaxşıdı. Kiminsə əlinə baxmırıq, kiməsə möhtac deyilik - əsas budu. Başını aşağı salıb, ailəni dolandırmaq üçün 5 manat pulunu qazanırsan.

 

- Burdan gedənlər Avropa ölkələrinə, ən pis halda uzaq ABŞ-a, Kanadaya yollanır. Avstraliya hardan çıxdı?
- 4-5 il əvvəl həyatımda yenilik etmək istəyirdim. Bunun üçünsə ölkəni dəyişmək niyyətim vardı. Vaxtilə birgə futbol oynadığım Elnur Məmmədov var, açığı, onun yanına Londona getmək istəyirdim. Sonradan bura gəlmək qismət oldu. Əlaqə vasitələrimi işə salıb Avstraliyaya üz tutdum. Yaxşı ki, bura gəlmişəm, Sidneydəyəm, rahatlıqdı. Bildiyiniz kimi, Avstraliyanın ərazisi olduqca böyükdü. Amma əhali sayı 24-25 milyondu. Seyrəklikdi, sakitlikdi.

 

- İngilis dilini bilirsən?
- Açığı, təzə gələndə elə də anlayışım yox idi. Tədricən öyrəndim, mənimsədim. 4 ildi burdayam, təsəvvür edin, hər gün bir söz öyrənəndə hara gedib çıxır. İngilis dilini əla bilməsəm də, qarşımdakının nə dediyini anlayıram, öz fikirlərimi başa salıram. Dediyim kimi, təzə-təzə çətin idi, indi qaydasındadı.

 

- Avstraliyada futbolun səviyyəsi necədi?
- Desəm ki, yaxşıdı, yalan danışmış olaram. Burda əsasən Amerika futbolu sevilir, ona üstünlük verilir. Hədsiz maraq var. Mən yaşadığım şəhərdə “Sidney FK” var, adamlar əsasən bu komandanın oyunlarına baxır. Amma futbol İngiltərədəki qədər sevilmir. Anadan olandan Amerika futbolunu görüb-götürürlər.

 

- Mark Viduka, Hari Kyuell, Tim Keyhill, Lukas Neyl, Mark Şvartser, Mark Bosniç – Avstraliya yığmasının Avropada top qovan ünlüləri idi. Sanki onların davamçıları yetişmir. Bu nə ilə bağlıdı?
- Burda yerli camaatın bizim sevdiyimiz futbola həvəsi yoxdu. Avstraliya futbol ölkəsi deyil, heç vaxt da olmayıb. Adlarını sadaladıqlarınız da əslən avstraliyalı deyillər. Səhv etmirəmsə, Viduka əslən Xorvatiyandadı, başqaları da onun kimi. Kökləri başqa ölkələrə gedib çıxır. Sadəcə, valideynləri mənim kimi, nə vaxtsa bura köçüb, məskunlaşıb, onlar da burda böyüyüblər deyə, Avstraliya yığmasının şərəfini qoruyublar. Burda yerli xalq aborigenlərdi, onlar da futbolu sevmirlər, maraqlanmırlar. Tarixən burda aborigenlər yaşayıb, onlar özlərini yerli sayıblar.

 

- Bəs insanlar nəyə maraq göstərir?
- Burda həftəiçi hamı iş-güc dalınca qaçır. Həftəsonları Avropada insanlar futbola baxmaqla rahatlıq tapırsa, burda balıq tutmaq, tennis oynamaq, piknik eləmək daha populyardı. Hara baxırsan yaşıllıq, çəmənlikdi, amma uşaqların futbol oynadığını görmək mümkün deyil.

 

- Məşqçilik kateqoriyan var?
- Sankt-Peterburqda olanda “Zenit”in akademiyasında oxuyub, C kateqoriyasına sahib olmuşdum. Düzü, bura təzə gələndə özümü futbol sahəsində məşqçi kimi sınamaq istəyirdim. Gördüm ki, yox, məşqimə gələn 10-11 yaşlı uşaqlarda həvəs yoxdu. Onlarda həvəs olmayanda isə işləməyin mənası qalmır.

 

- O boyda Sidneydə futbol məktəbləri yoxdu ki, gedib işləyəsən?
- Var, niyə yoxdu? Amma siz böyük məktəblərdən danışırsızsa, orda işləyə bilmək üçün ilk növbədə ingilis dilini mükəmməl bilməlisən. Yəni necə gəldi götürmürlər, məşqçinin hər bacarığına önəm verirlər. Mənim ingiliscəm də yüksək səviyyədə olmadığı üçün müraciət etmədim. Yeni gələndə türklərin məktəbində işləyirdim. Dilimiz oxşardı deyə, mənim üçün asan idi. Sözün düzü, maddi cəhətdən də sərfəli deyil. Yəni sırf məşqçiliyə göz bel bağlamaqla ailə saxlamaq olmaz.

 

- Belə başa düşdüm ki, Azərbaycanda özünə iş yeri tapa bilməyən istedadlı futbolçuları Avstraliyaya dəvət etməyin adı yoxdu.
- Bura əsasən yaşı çox olan, karyerasının qürub çağını yaşayan və nisbətən adlı-sanlı oyunçular gəlir. Onlar da niyə gəlir? Karyeralarını burda başa vurub, həyatlarının qalan hissəsini burda yaşamaq üçün. Buranın havası, təbiəti səfalıdı deyə, çox adamlar bura can atır. O cümlədən də bir çox futbolçular. Gəlib bir-iki il oynayıb, yaşamaq hüququ qazanırlar. Amma sayları elə də çox deyil. Məsələn, “Sidney”də 3-4 legioner çıxış edir. Xoş karyera arzulayan futbolçu Avstraliyaya gəlməz.

 

- Vaxtilə çiyin-çiyinə top qovduğun futbolçularla əlaqən var?
- Londondakı Elnurla danışıram, hərdən Amerikada yaşayan Elşən Qəmbərovla əlaqə saxlayıram. Belə deyim, əsasən xaricdə yaşayan azərbaycanlılarla.

 

- Niyə?
- Çünki hamımızın dərdi eynidi, eyni şərtlər altında yaşayırıq. Qohum yox, tanış yox, baş çıxarmağa çalışırsan. Ona görə də qürbətçilərlə söhbət daha yaxşı alınır.

 

- Karyeranı olduqca erkən, səhv etmirəmsə, 29-30 yaşında bitirdin. Halbuki sənin həmyaşdılarından hələ də oynayanlar var.
- Yaxşı futbolçu olmaq üçün ilk növbədə rejimə fikir verməlisən. Başını aşağı salıb futbolunu oynamalı və sırf futbolu düşünməlisən. Mən isə həmin vaxtlar çox səhvə yol verdim. Futboldankənar amillər inkişaf etməyimi, daha çox oynamağımı əngəllədi. O dönəmdə bunu görmürsən, hiss etmirsən. Qəfil ayılırsan, onda da gec olur. Karyeramın istənilən kimi alınmamasının yeganə günahkarı özüməm. Həyatda səhvsiz insan yoxdu. Mən də vaxtında çox səhv buraxmışam. Sırf futbolu düşünsəydim, bəlkə hələ də futbol oynayırdım.

 

- Ölkə futbolunda pul su kimi axan vaxtlarda pis qazanmırdın. Nə əcəb bu günlər üçün özünə şərait qurmadın?
- Az öncə dediyim səhv elə budu. Rejimsizlik olanda, futboldan başqa şeyləri düşünəndə də pulun bərəkəti olmur. Burdan alırsan, ordan gedir. O vaxt ağıllı davransaydım, indi çox şeyə sahib idim.

 

- Azərbaycan futbolu, çempionatı ilə maraqlanırsan?
- Əlbəttə, maraqlanıram. Futbol sahəsində çalışmasam da, futbol mənim həyatımdı. “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovla tez-tez danışıram. Hətta Roberto Bordinin köməkçisi olanda da əlaqə saxlayırdıq. Nəticələri hər tur diqqətdə saxlayıram, turnir cədvəlinə baxıram, yığmanın oyunları ilə maraqlanıram. Nə qədər də olmasa, ömrümün yarısından çoxunu futbola həsr etmişəm (Futbol+).

Xəbər xətti