Ansi Aqolli: “Karyeramı bitirməyə və məşqçi işləməyə hazıram” - MÜSAHİBƏ

16:49 - 23 İyul 2020

Futbol üzrə Albaniya yığmasının və “Qarabağ”ın sabiq müdafiəçisi, hazırda ABŞ-ın “Nyu York Kosmos” klubunun uğurları üçün çalışan Ansi Aqolli müsahibə verib.

 

Sportal.az 38 yaşlı futbolçunun müsahibəsini təqdim edir:

 

– Vaxtilə Albaniya yığmasını çalışdırmış Canni de Byazi Azərbaycan yığmasında işləyəcək. Sizin də ona köməkçi təyin ediləcəyinizlə bağlı xəbərlər var…
– Byazi ilə həmişə yaxşı əlaqələrim olub. O, 5 il Albaniya yığmasında çalışdı və uğur qazandı. Byazinin işinə həmişə hörmət etmişəm, indi də danışırıq. Lakin bu barədə söhbət olmayıb. Amma hər şey baş verə bilər.

 

– Səncə, o yığmamızda uğurlu ola bilər?
– Uğur həmişə mövcud olmur. Lakin Canniyə inanıram. Ona uğurlar arzu edirəm. Düşünürəm ki, o, uğur qazanmağa qadirdir. Çünki kiçik yığmalarla böyük işlər görə bilir. Çox peşəkardır, işini sevəndir, nizam-intizama diqqət edir. Ümid edirəm ki, hər şey düzgün olacaq və yolunda gedəcək.

 

– ABŞ-da karyeranı başa vurmaq haqqında düşünürsən?
– Hazırda mənim üçün çox məşğul olduğum dönəm başlayıb. “Nyu-York Kosmos”un məşqləri başlayır. Avqustda çempionat başlayacaq. Həmçinin sentyabrda öz akademiyamı açmağa hazırlaşıram. Hər şeyə hazıram. Düşünürəm ki, karyeramı bitirə və məşqçi də işləyə bilərəm. Zaman göstərəcək.

 

– Bir neçə gün öncə Azərbaycan və Ermənistan arasında gərginlik baş verdi. Şəhidlər oldu və siz də bu barədə paylaşım etmişdiniz…
– Azərbaycan və Ermənistan arasındakı müharibə davam edir. Ermənilərin işğalı nəticəsində evlərindən uzaq qalan insanlar indi də əziyyət çəkir. Ümid edirəm ki, bir gün gələcək torpaqlar geri qaytarılacaq. Bir neçə gün öncə baş vermiş hadisələrdə də Azərbaycanın şəhidləri oldu. Dualarım onların ailələri ilədir. Hər zaman ürəyimdə Azərbaycan sevgisi var. Mən dəqiq bilirəm ki, azərbaycanlılar daim sülhü sevən insanlardır (futbolinfo.az).

Xəbər xətti