Premyer Liqaya iddialı divizion təmsilçilərindən biri də “Zaqatala”dır. Çempionatda uğurlu çıxış edən komanda ikinci yarıya hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, düşərgədə nələrin yaşandığını öyrənmək üçün klub prezidenti Musa Qurbanovla danışdıq.
- Komandanın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiz?
- Qənaətbəxş. Hər şey plan üzrə gedir, çalışırıq.
- Kubokda “Səbail”ə uduzsaz da, oyundan sonra “Zaqatala”nın premyer-liqaya rəng qata biləcəyi haqda fikirlər səsləndirildi.
- Təkcə kubokda yox, 1-ci divizionda da üstün olduğumuz halda xal itirdiyimiz matçlar oldu. Kubok oyununa gəlincə, belə görüşlərdə aşağı liqa təmsilçiləri daha istəkli görünür. Bizim komanda da həvəsli idi. Sadəcə, “Səbail”in bəzi futbolçularının ustalıq səviyyəsinin yüksək olması özünü göstərdi, xüsusilə də son dəqiqələrdə. Komandamız sona qədər tab gətirə bilmədi. Amma ümumilikdə yaxşı təsir bağışladı. Premyer-liqa səviyyəsində göründüyü deyilirsə, bizim üçün xoşdu.
- Komanda hazırda 4-cü pillədədi. Necə düşünürsüz, növbəti mövsümdən premyer-liqada mübarizə aparmaq mümkün olar?
- Bizim komandanın yüksək liqaya yüksəlmək ehtimalı çox azdı. Bunu tək mən demirəm, bir çox futbol mütəxəssisi bildirir ki, futbolun inkişafı üçün bölgə klublarının premyer-liqada çıxış etməsi vacibdi. Bütün dövrlərdə bölgələrdən çoxlu futbolçular çıxıb, millinin şərəfini qoruyub. Əvvəllər “Neftçi”nin heyətində yer alanların əksəriyyəti bölgə futbolçuları idi. Azarkeş kütləsi də bölgələrdə daha çoxdu, nəinki Bakıda. Bizim çempionat oyunlarımızda olan azarkeşlər premyer-liqanın əksər görüşlərindəki azarkeşlərdən çox olur. Gəncə, Tovuz və başqa bölgələrdə də eyni vəziyyətdi. Bu yerlərdə azarkeşlər daha çox maraq göstərir və gəlir. Buna görə də bölgə klublarının olması çox vacibdi. Amma özünüz görürsüz, premyer-liqada 8-dən artıq komanda iştirak etmir, klubların sayı artmır. Bunun səbəbinin nə olduğunu deyə bilmərəm. Problem sponsorlarla da bağlı ola bilər. Bölgələrdə sponsorlar yoxdu. Bölgə təmsilçilərinin yüksək liqaya çıxması üçün yerli strukturların onları himayəyə götürməsi vacibdi. Götürməsələr, belə də davam edəcək. Bu məsələ dövlət proqramına daxil edilməli, ordan büdcəyə verilməlidi. Əks halda bölgələrdə komandaların sayının artması çətin görünür.
- AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çempionatdakı klubların sayına toxunarkən bildirdi ki, premyer-liqada 12 klubun olması riskdi, 10 klub isə idealdı. Bu fikrə münasibətiniz necədi?
- Fikirləşmirəm ki, 12 klubun olması riskdi, yaxud keyfiyyəti aşağı salar. Əvvəllər çempionatda 12 klub da olub, 14 də. Futbolumuzun ən yaxşı inkişaf dövrü də məhz həmin dövrə təsadüf edir. “Bakı”nın, “Xəzər Lənkəran”ın olduğu vaxtda 12 komanda mübarizə aparırdı. Bəlkə Elxan Məmmədov bu fikri futbolçu azlığına görə deyib. Onsuz da legioner limiti tətbiq olunur, buna görə də inanmıram keyfiyyət aşağı düşə. Bəlkə də 1-2 il müəyyən qədər təsir edər, amma gələcəyi fikirləşiriksə, bu addımı atmalıyıq. Hazırkı dövr üçün mən də fikirləşirəm ki, 10 komanda daha idealdı. Amma bunun üzərində işləyib, ildən-ilə artırmaq lazımdı. Növbəti illərdə bu sayı 12-yə çatdırmaq olar.
- Futbolçularının sayının azlığına toxunduz. İstedadlı futbolçuların divizionda yetişdiyi, üzə çıxdığı düşünülür. Sizin diqqətinizi çəkən belə futbolçu varmı?
- Bu suala “Zaqatala” baxımından cavab verə bilərəm. Bir neçə perspektivli futbolçu var. Amma parlayan, böyük gələcək vəd edəni görməmişəm. Digər klubların hamısını izləmirəm, necə olduğunu bilmirəm. Uşaq futbolunu inkişaf etdirmək, yeni futbolçular üzə çıxarmaq çətindi.
- Yəqin maliyyə çətinliyini nəzərdə tutursuz.
Bəli, indiki durumumuza, maddi cəhətdən imkana görə uşaq futbolunu istənilən səviyyədə inkişaf etdirmək hazırda çox çətindi.
- Əvvəlki nəsil futbolçulardan uğurlu karyera quranlar, hətta ölkə xaricinə çıxanlar olub. İndikilər niyə ölkədən kənara çıxmır? Səbəb nədi?
- Sovet məktəbindən qalan futbolçulardan sonra legioner həyatı yaşayan azdı. Belə deyək, bu baxımdan son sinif Mahmud Qurbanov, Bəxtiyar Musayev kimi futbolçular oldu. Onlar sovet məktəbinin son futbolçuları idi, daha çox seçilirdilər. Sonra da yaxşı futbolçular çıxıb, amma ya bizdə daha çox pul verildiyinə görə, ya hansısa başqa səbəbdən legioner həyatı yaşayanların sayı azalıb. Ümumilikdə mühitin, məktəbin, sistemin dəyişməsi özünü göstərir.
- Premyer-liqa oyunları, klubların səviyyəsi haqda nə deyə bilərsiz?
- Klublar ötən mövsümə nisbətən daha yaxşı təsir bağışlayır. Ən azı rəqabət görünür. “Neftçi”, “Qarabağ”, “Zirə” rəqabət aparır. Qalan klublar da çalışırlar ki, onlarla başabaş mübarizə aparsınlar. “Qəbələ”, “Səbail” daha sabit çıxış etməyə başlayıb. Düzdü, “Keşlə”də, “Sabah”da sabitlik yoxdu. Amma onların da futbolçu seçimi genişdi. Sabitlik yaxalaya biləsələr, çempionatda daha yaxşı oyunların şahidi olacağıq (Futbol+).