Fernandu Santuş: "Azərbaycan əks-hücumlarda kifayət qədər təhlükəli ola bilər"

19:27 - 23 Mart 2021

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis öncə yığmanın hazırlığından danışıb:

 

“Bütün oyunçularımızla çox yaxşı münasibətimiz var. Əlbəttə, sabahkı oyuna hazır olmaq istəyirik. Fərqli komandalardan oyunçularımız var. Ancaq hər şeydən əvvəl rəqibi çox yaxşı öyrənməliyik və oyun baxımından bizim üçün hansı çətinlik yarada biləcəyini görməliyik. Daha əvvəl Azərbaycan milli komandası ilə bir neçə dəfə qarşılaşmışıq. Bilirik ki, Azərbaycan əks-hücumlarda kifayət qədər təhlükəli ola bilər. Bu cəhətləri nəzərə almalıyıq.

 

Dünya çempionu olmaq arzumuz var. Bu, həqiqətən bir xəyal deyil. Doğru ola biləcək bir şeydir. Dünya çempionu olmaq üçün mübarizə apara biləcəyimiz seçmə mərhələyə başlayırıq. Hədəflər təyin etməli və bu hədəflərə çatmalıyıq. İstənilən görüşdə qalib gələ bilərik. Bütün oyunçularım oyunların vacib olduğunu bilir. Bu seçmə mərhələdəki bütün qarşılaşmalara maksimum köklənməliyik.

 

Futbolçular milli komandaları üçün bir araya gələndə əllərindən gələni etməlidirlər ki, biz bu görüşdə qalib gələk. Çünki hər qələbə bizi Dünya Kubokunun finalına bir qədər də yaxınlaşdıracaq. Qrupumuzda yer alan komandalarla oyunların hər birinə final qarşılaşması kimi yanaşmalıyıq. İlk oyunumuz Azərbaycan millisinə qarşıdır. Ancaq rəqibi zəif qiymətləndirməməliyik. Bacarıqlarımızı, zehni gücümüzü, texniki keyfiyyətlərimizi, fiziki hazırlığımızı istifadə etməliyik”.

Xəbər xətti