"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyevin müsahibəsi:
- AFFA-nın bugünkü qərarını necə qarşıladınız?
- Qərar onsuz da məlum idi. Təəccüblü bir şey yoxdur. Hər birimiz istəyirik ki, Premyer Liqada mübarizə aparaq. Amma belə qərar verildi. Nə deyə bilərik...
- Yəni bununla razısınız?
- Dediyim kimi artıq qərar verilib. Amma istəyirdik ki, Premyer Liqada mübarizə aparaq. Deyirdilər ki, bu il Premyer Liqada 10 klub olacaq. Ona görə də var gücümüzlə mübarizə aparırdıq. Uşaqlar hər oyuna qələbə üçün çıxırdı. Amma bizdən asılı olmayaq, belə qərar verildi.
- Bu, futbolçularınıza necə təsir edib?
- Bakıdan 450 km məsafədə yerləşirik. Bura gələn futbolçuya deyirik ki, gəlin, yaxşı mübarizə aparın, gedək Premyer Liqaya. İndi onlara nə deyək? Ancaq deyə bilərik ki, gəlin oynayın. Başqa heç bir şey.
- Bəs, azarkeşlərinizin reaksiyası necədir?
- Hər kəs mənə zəng edir, hər kəs bu haqda soruşur. Hər kəsə deyirəm, bu, bizdən asılı olan məsələ deyil. Sponsorumuz yoxdur. Əsas da sponsordur, o da bizdə yoxdur. Hər birimiz istəyirdik ki, Premyer Liqaya qalxaq.
- "Turan Tovuz” konkret hansı lisenziya meyarlarına cavab vermir?
- Yalnız maliyyə meyarına. İlk dəfə deyil ki, belə bir vəziyyət yaranır. Əvvəllər Premyer Liqada mübarizə aparırdıq. Düzdür, o vaxt da maliyyə vəziyyəti əla olmayıb. Lakin indi klubun infrastrukturu çox yaxşı vəziyyətdədir, yaxşı bazası var. Üzümü azarkeşlərə, maraqlanan insanlara tutub deyirəm: bizlik bir şey yoxdur. Əlimizdən gələni edib iki dəfə çempion olmuşuq, heç birində lisenziya verilməyib. Bu dəfə də verilmədi. Səbəb də maliyyə məsələsi idi. Biz hər zaman Premyer Liqada çıxış etmək istəyirik (qol.az).
saytlarin hazirlanmasi