“Səbail”in 12 yaşlılardan ibarət komandasının qapıçı məşqçisi Elçin Sadıqovun Newsport.az saytına müsahibəsi:
- Karyeranızı niyə bitirmisiz? “Neftçi” kimi klubda çıxış etmisiz...
- Ən çox zədə problemi ilə bağlı idi. Zədələrim oldu və sonra oynamaq üçün təklif almadım. Azərbaycanda klub az olduğuna görə yerləri artıq “məşğul” idi. Məşq etsəm də, bir xeyri olmadı. Sonra Mirbağır İsayev mənə zəng etdi. Bildirdi ki, gəl məşqçi kimi işlə, yaxşı məşqçilərlə çalışmısan, qapıçı təcrübən var. Mirbağır İsayevin rəhbərliyi altında milli komandada futbol oynamışdım. Təklifini qəbul etdim və ötən ilin sentyabr ayından burada işləyirəm. 12 yaşlı uşaqlarla çalışıram.
- Keçmiş qapıçı olaraq Azərbaycanda bu mövqedə yeni oyunçuların olmamasının səbəbini nədə görürsünüz? Kamran Ağayevdən sonra demək olar ki, yığmada onu əvəzləyəcək çərçivə qoruyucusu yoxdur...
- Sizin fikrinizlə razıyam. Bu dəqiqə ölkə futbolunda ciddi qapıçı problemi var. Kamran Ağayevdən sonra millinin sabit qapıçısı yoxdur. Bəzən Şahruddin Məhəmmədəliyev, bəzən Emil Balayev çərçivəni qoruyur. Amma istənilən halda çətinlik mövcuddur. Hazırda “Neftçi”də 2 yerli qapıçı var. Aqil Məmmədov formadadır, Səlahət Ağayev isə zədədən sonra toparlana bilmir. Bu futbolda normal hallardır. Qapıçı problemini aradan qaldırmaq üçün məşqçilər çalışır. Mən də əlimdən gələni edirəm ki, bu mövqedə yeni oyunçular yetişsin. Hazırda Kamil Qafarov kimi qapıçı məşqçimiz var. Onun bir qapıçı məşqçisi kimi çox qolkiperin üzərində əməyi var. Mənim də məşqçim olub. Lakin həqiqətən futbolumuzda çətinliklər mövcuddur. Məşqçilər əlindən gələni edir. Cəmaləddin müəllim kimi, Faiq müəllim kimi, Cəfər müəllim kimi güclü məşqçilər var.
- Sizcə, qapıçı yetişməməyinin sırf səbəbi nədir?
- Problemlər müxtəlifdir. Bəzən qapıçılar gəlib əsgərlik yaşına çatır və kluba lazım olmursa gedir hərbi xidmətə. Lakin bəzən onun potensialı sonradan açıla bilər. Bunu əvvəldən göstərməyə də bilər. Bununla da o karyerasını başa vurur. Qapıçılar var ki, millidə oynamayıb aşağı yaş qruplarında, amma gedib əsas komandada çıxış edib. Mən də milliyə dəvət almışam amma oynamamışam. Səbəb çoxdur. Hər məşqçinin öz psixologiyası var, ayrı taktikası var. Qapıçı məşqçiləri dəyişdikcə çox şey dəyişir. Bir qapıçı əgər uşaq yaşlarından bir məşqçi ilə davam etsə, inkişaf olacaq. Çünki başqa cür hazırlaşan məşqçi gedir ayrı məşqçi ilə işləyir.
- “Səbail”də çalışırsınız. Hazırda burada və ya digər klublarda gələcəyin milli komandasına layiq oyunçu var?
- Hazırda potensial qapıçılar var. Amma onun gələcəkdə necə olacağını deyə bilmərik. Xarici görünüşünə baxıb parlaq gələcəyi olacağını düşünürsən, amma nə olacağını əvvəlcədən görə bilmirik. “Səbail”in 16 yaşlı komandasında Sadiq adlı qapıçı var. Gələcəyi yaxşı görünür, onunla görüşmüşəm, xarakterli, soyuqqanlı qapıçıdır. Gələcəkdə daha yaxşı olması üçün əlimizdən gələni edirik.
- Qapıçılara valideyn amili mane olurmu? Çünki valideynlərin çoxu istəyir ki, övladı hücumçu olsun, qol vursun...
- Valideynləri suyun üzünə baxıb dərinin görmürlər. Biz də uşağın gələcəyini bilmirik. Oynayacaq, nə olacaq görəcəyik. Valideynlər uşaqların yaxşı olmasını düşünür. Gənc futbolçunun 18/19 yaşlı futbolçudur, 20-25 yaşlı futbolçu gənc deyil. Biz isrtəyirik, 18-19 yaşında daha yaxşı olsunlar. Valideynlərin işimizə mane olmasına gəlincə, belə bir şey olmayıb. Komandamızın baş məşqçisi valideynlərin biz mane olmasına şərait yaratmır. Buna görə təşəkkür edirik. Burada elə valideyn də yoxdur ki, bizə mane olsun.