Azərbaycan millisinin üzvü Mahir Emreli yeni klubu “Legiya”da rəsmi debüt oyununda 2 qol vurub. O, dünən Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Bude-Qlimt"ə (Norveç) 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunda fərqlənib.
Sportal.az xəbər verir ki, Mahir Emrelinin anası Elnurə Emreli Qol.az saytına müsahibəsində oğlunun bu uğuru, Polşa klubuna transferi və Avropa həyatı barədə danışıb.
- Oğlunuz Mahir Emreli dünən Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Bodo Qlimt”ə 2 qol vurdu. Bu oyunu izlədinizmi və bir ana kimi hansı hissləri keçirirsiniz?
- Təbii ki, oyunu izlədim. O hissləri yaşamaq lazımdır. Sözlə izah etmək mümkün deyil.
- Bəs, oyundan sonra Mahirlə danışmısınızmı? Mahirin sizə dediyi ilk sözlər nələr oldu?
- Bəli, matçdan sonra Mahirlə danışdım. Mənə türkcə dedi ki, “Annem, qürurlandınmı?” (Ana, qürürlandınmı? – red.)
- Mahirin “Legiya”da perspektivini necə qiymətləndirirsiniz?
- Bu, futboldur. O qədər eniş-çıxışlar olur ki… Biz hər duruma alışmışıq. İnşallah, Mahir zədə almasa, motivasiyası yerində olsa, hər şey yaxşı olacaq.
- Bir valideyn kimi yəqin ki, Mahir üçün darıxırsınız. Bəs, gələcəkdə ailəsinin Mahirin yanına köçmək kimi bir planı varmı?
- Təbii ki, onun üçün darıxıram. Amma əsas odur, Mahir darıxmasın. Hər gün vaxt olduqca danışırıq. Sabah da bacısı Ayşə onun yanına gedir. Buna görə də bir az rahat olacaq. Mən də buradakı işlərimi yekunlaşdırdıqdan sonra Varşavaya gedəcəyəm.
- Ümumiyyətlə, əvvəlcə Mahirin “Legiya”ya transferini necə qarşıladınız? Heç tərəddüd etdinizmi?
- Xeyr. Tərəddüd etmədim. Onsuz da arzumuz Mahirin transfer olunması, legioner həyatı yaşaması idi. Həm də ona 30-dan çox klubdan transfer təklifi gəlmişdi. Lakin Mahir özü “Legiya”ya keçmək istədi.
- Bəs, həmin 30 klubdan bir neçəsinin adını çəkə bilərsinizmi?
- “Aud Lyeven" (Belçika), “Mexelen” (Belçika), “Rakuv” (Polşa), “Puşkaş” (Macarıstan), “Riu Ave” (Portuqaliya), “Zyulte Vareqem” (Belçika), “Şturm Qrats”ın (Avstriya) adını qeyd edərdim.
- Mahirin peşəkar klub kimi ilk komandası “Qarabağ” olub. Klubun və Qurban Qurbanovun Mahirin bir futbolçu və şəxsiyyət kimi formalaşmasında rolunu necə qiymətləndirirsiniz?
- “Qarabağ” Mahirin ikinci evi, ailəsidir. Mən öz İnstaqram hesabımda da Mahirin transferi ilə bağlı paylaşım etmişdim. Orada qısa fikirlərimi, duyğularımı yazmışdım. Qurban hoca Mahirin karyerasında, şəxsiyyət kimi formalaşmasında rolu olan insanlardan birincisidir. Onun Mahirin üzərində çox böyük haqqı var.
- Bəzi azərbaycanlı futbolçular xaricdə oynayarkən ölkələri, yaxınları üçün çox darıxıdığını söyləyir, sonra da vətənə qayıdıblar. Buna görə də legioner karyeraları yarımçıq və uğursuz alınıb. Bəs, Mahirlə bu mənada durum necədir?
- Biz bu mənada çətinlik çəkmirik. Çünki Mahir uşaqlıqdan səfərlərdə olub. O, “darıxıram” deyən kimi, yanında oluruq. Həm də Mahir bir neçə dildə danışa bilir, dünya görüşü yaxşıdır. İnsanlarla ünsiyyət qurmaqda problemi yoxdur. Qarşısındakı insanın dilindən danışa bilir. Dayılarının uşaqları da onu dəstəkləyirlər. Hamımız Mahirləyik. Qısaca, hər şey qaydasındadır.
saytlarin hazirlanmasi