Klubsuz qalan futbolçu: "5-ci qapıçı olmağa da razıyam"

11:02 - 16 İyul 2021

"Xəzər Lənkəran", "Keşlə" və "Zirə"nin keçmiş futbolçusu Orxan Sadıqlı Sportal.az saytına müsahibə verib.

 

Hazırda klubsuz olan 28 yaşlı qapıçı bunun səbəbləri haqda danışıb.

 

- Çoxdandı ki, futbolda yoxsan. Futbolsuz qalmaq çox cetindi yəqin? Başını necə qatırsan?

- Futbolsuz qalmaq çox çətindi. 14 il peşəkar futbolla məşğul olmuşam. Milli komandalarda, "Xəzər Lənkəran"da, "Keşlə"də, "Zirə"də oynamışam. Əziyyət çəkə-çəkə gəlmişəm, bütün məşqçilərlə, klub rəhbərləri ilə münasibətim yaxşı olub. Bütün ömrümü futbola həsr eləmişəm. İndi bir ildir klubsuz qalmaq mənə pis təsir edir. Hərdən özüm-özümə sual verirəm, amma cavab tapa bilmirəm. Çünki heç kəslə problemim olmayıb. Oynadığım hər yerdə həm nizam-intizam, həm oyun baxımdan özümü yaxşı göstərməyə çalışmışam.

 

- Nəyə görə klublarımız sənə müraciət etmədi?

- 28 yaşım var. Azərbaycan futbol ölkəsi kimi tanınmır deyə, ölkədən kənara çıxa bilmirəm. Öz klublarımızda qapıçıya ehtiyac var. Amma səbəbini tapa bilmirəm ki, mən niyə klubsuzam. Ola bilər ki, nə vaxtsa yanlış addımlarım olub. Amma bu klubsuz qalmağıma səbəb deyil. 


- Bu yay karyeranı bərpa etmək fikrin var? Hansısa klubdan təklif almısan?

- Karyeramı davam etdirmək istəyirəm. Maaş və oyun baxımından bir gözləntim yoxdu. Öz gücümə bələdəm. Bilirəm ki, hansısa kluba transfer olsam, həm özümü göstərəcəyəm, həm də pul qazanacağam.

 

- Türkiyəyə getmək ehtimalın var idi. Həmin məsələ nə yerdə qaldı?

- Türkiyəyə getmək ehtimalım var. "Altay"ın baş məşqçisi Mustafa Denizli ilə danışıram. Amma hazırda orada vəziyyət bilinmir. "Altay" hələ transfer etməyib. Oradan xəbər gəlsə, gedəcəyəm. Gəlməsə, Azərbaycanda hansısa klubda oynamaq istəyirəm. Lap 5-ci qapıçı olmağa da razıyam. Potensialıma bələdəm. Oynadığım oyunlar buna sübutdu. Əgər futbol bacarmadığım iş olsa, 28 yaşımda karyeramı bitirərəm. Özümə də bəlli olmayan səbəblərdən klubsuz qalmışam.

 

- Klub tapmasan, karyeranı bitirmək barədə düşünəcəksən?

- Karyeramı bitirmək haqda düşünmürəm. Bütün dostlarıma, keçmiş futbolçulara klubsuz olduğum barədə xəbər vermişəm. AFFA-da Elxan Məmmədovla görüşdüm. Klub tapacağıma ümidim var. Azərbahycanda alınmasa, dünyanın hansı ölkəsi olur-olsun gedəcəyəm. 14 ilimihəsr elədiyim futbolla belə gənc yaşda vidalaşmaq istəmirəm.

 

- Premyer Liqa kənardan necə görünür? Futbolumuzun "Xəzər Lənkəran"a ehtiyacı var? 

- Nəinki "Xəzər Lənkəran", bölgələrdə bazalar, stadionlar var ki, hazırda klubsuzdu. Bunun səbəbini bilmirəm. AFFA, klublar bilər bunun səbəbini. İstəyərəm ki, "Xəzər Lənkəran", Mil-Muğan", "Karvan", "Zaqatala", "Kəpəz", "Turan Tovuz" kimi klublar Premyer Liqada mübarizə aparsın. Komanda sayı artsa, yaxşı olar.

 

- Səncə nəyə görə "XƏzər Lənkəran"ın gənc istedadları özlərini göstərə bilmədilər?

- Bunu birinci səbəbi klub sayının az olmasıdı. İkinci səbəb isə futbolçuların özündədi. Onlar ola bilər ki, potensiallarını tam aça bilmədilər. Futbolçu əziyyət çəkmirsə, məşqlərdə çox çalışmırsa, bu, mütləq özünü göstərəcək. Mən də daxil olmaqla insan səhvləri gərək özündə axtarsın.

Xəbər xətti