Rusiya çempionu olan həmyerlimiz: "Azərbaycan millisində oynamaq istəyirəm"

14:14 - 17 İyul 2021

Sadıq Bağıyev Rusiyanın "Kuban" klubunun U-17 komandasının futbolçusudu. Həmyerlimiz şərəfini qoruduğu Krasnodar təmsilçisi son mövsümdə Rusiya İdman Məktəbləri arasında keçirilən çempionatın qalibi olmaqla növbəti mövsüm bu ölkənin əsas liqasında mübarizə aparmaq hüququ əldə edib.

 

2004-cü il doğumlu dayaq yarımmüdafiəçisi Sportal.az saytına müsahibə verib.

 

- Futbola başlamağın haqda danış. Necə oldu futbolu seçdin?

- 6 yaşımdan futbolla məşğul oluram. Bundan əvvəl sambo ilə də məşğul olmuşam. Futbolu ona görə seçdim ki, həmişə topla birlikdə idim, topu sevirdim. Öncə Vladivastokda “Mostovik” komandasına yazıldım. Orada uğurlu çıxş etdim, özümü yaxşıtərəfdən  göstərdim. 12 yaşımda məni “Saxalin” klubuna götürdülər. Saxalində internatda yaşayırdım. 14 yaşımda isə "Kuban" klubuna keçdim. Hazırda karyeramı burada davam etdirirəm.

 

- Hazırda karyeran necə davam edir? Klubunda vəziyyət necədir?

- Ötən mövsüm idman məktəbləri arasında Rusiya çempionu olub, əsas liqaya vəsiqə qazandıq. Növbəti mövsümün hazırlıqlarına başlamışıq.

 

 

- Son mövsüm necə keçdi? Həm sənin üçün, həm də klubun üçün.

- Çempionat klub üçün uğurlu keçdi. Rusiya çempionu olduq. Mənim üçün isə o qədər də yaxşı keçmədi. Özümü fərdi olaraq daha yaxşı göstərə bilərdim. Daha da inkişaf etməliyəm. Bu mövsüm çempion olmağımız bizə Rusiyanın daha güclü komandalarına qarşı oynamaq imkanı yaradır.

 

- Yeni mövsümün hazırlıqlar necə gedir?

- Hazırda başqa şəhərdə təlim-məşq toplanışındayıq. Hər gün iki fərqli məşqimiz olur. Daha çox fiziki hazırlığa önəm veririk. Məşqlərlə bərabər yoxlama oyunlarında da qüvvəmizi sınayırıq.

 

 

- Bundan sonrakı karyeranı necə düşünürsən? İndi oynadığın klubda qalacaqsan?

- "Kuban"la müqaviləm davam edir. Gələcəkdə nələrin olacağını deyə bilmərəm. Amma haranı təmsil etməsindən asılı olmayaraq gələcəkdə daha güclü klublara keçmək istəyərim.

 

- Başqa klublardan təkliflər var?

- Əvvəllər başqa klublardan təkliflər almışdım. Amma mən "Kuban"da qalmağa qərar verdim.

 

Azərbaycan millisində oynamaq istəyirsən?

- Azərbaycan millisində oynamaq isəyirəm. Təklif gəlsə, qəbul edərəm. Mən azərbaycanlıyam, vətənimi çox sevirəm. Ümid edirəm bir gün millinin formasını geyinərəm.

 

- Azərbaycan klublarından təklif gəlsə, qəbul edərsən?

- Əgər Azərbaycanın Premyer Liqa klublarından təklif olarsa, razılaşacam.

Xəbər xətti