"Azərbaycan millisindən maraq göstərirlər, amma Rusiya yığmasına düşməyə çalışacam"

15:22 - 26 İyul 2021

Əslən Azərbaycandan olan, hazırda Rusiya Premyer Liqasında yarışan "Ufa"-nın formasını geyinən Ruslan Fişenko Sportal.az-a müsahibə verib. Dünən Rusiya Premyer Liqasında ÇSKA-ya (0:1) qarşı oyunda debüt edən Fişenko Ufa təmsilçisindəki məqsədlərindən danışıb:

 

- “Ufa”da işlərin necə gedir, komandaya adaptasiya olmusan?
- Bəli, komandaya artıq adaptasiya olmuşam. Hər şey yaxşıdır.

 

-Dünən Rusiya Premyer Liqasında debüt etdin. ÇSKA-ya qarşı matç və ümumilikdə debütün necə alındı?
- Təbii ki, məğıubiyyətə görə üzüldüm. Çünki ən azından bir xal götürə bilərdik. Sonradan meydana daxil oldum və komanda üçün əlimdən gələnin ən yaxşısını göstərməyə çalışdım. Rusiya Premyer Liqasında oyuna çıxmaq xoş hislərdi. 

 

- Ümumiyyətlə, bu kluba keçidin necə alındı? Yəqin ki, ötən mövsüm “Veles”dəki oyununla Premyer Liqa klubunun diqqətini çəkişdin?
- “Ufa”dan təklif telefon vasitəsilə gəldi. Mənə zəng edib "Ufa"ya keçmək variantım olduğunu bildirdilər və əlavə etdilər ki, komandanın düşərgəsinə yollanmalıyam. Əslində hazırki klubumla yanaşı, Premyer Liqada mübarizə aparan digər komandadan da təklifim var idi. Amma mən baş məşqçimizə görə "Ufa"nı seçdim. Aleksandr Stukalovun oynatdığı oyun stilini bəyənirəm və mənim də inkişafım üçün yaxşı olacaq. 

 

- Aleksandr Stukalov sənə əsas heyətdə oynamaq imkanı yaradacaq? Bu mövsüm səni Premyer Liqa oyunlarında əsas heyətdə görmək mümkün olacaq?
- Nəinki Stukalov, heç kim mənə heç nəyi söz verməyib. Daha güclü olacam, oynayacam. Zəif olacam, daha da güclü olub, sübut etməliyəm.

 

- “Ufa”dakı şəxsi məqsədin nədən ibarətdi?
- Məqsədim komandanın yüksək yerlərdə olması üçün kömək etməkdi. Fərdi olaraq məqsədim isə, daima əsas heyətdə oynayaraq, daha yaxşı yerlərə getməkdi.

 

- Azərbaycan 19 yaşlılardan ibarət yığma komandasına cəlb edilirdi. Amma sonradan yığmadakı çıxış baş tutmadı. Bu nə ilə əlaqədar idi?
- U-21 yığmasına dəvət almamışam, yalnız U-19 yığmasında oynamışam. Azərbaycanın əsas milli komandasına da dəvət etmişdilər. Mənə maraq göstərdilər. Amma hələ ki, erkəndi. Rusiya millisinə düşməyə çalışacam.

 

- Yeri gəlmişkən, Azərbaycanla bağlılığın hansı səviyyədədi?
- Atam azərbaycanlıdı, anam rusiyalı.

 

- U-19 yığmasında oynadığın vaxtlarda “Qarabağ”a da keçidin baş tuta bilərdi, lakin o da son anda alınmadı.  Nəyə görə alınmadı?
- O vaxtı məni yalnız “Qarabağ”ın əvəzedici heyətinə cəlb etdilər. Həmin vaxtı isə mənim hələ 18 yaşım tamam olmamışdı. Hər şeyi götür-qoyd etdim və Rusiyada qalmağa üstünlük verdim. Sonradan “Rostov”a keçdim.

 

- İndinin özündə necə, AFFA-dan səninlə danışanlar olub? Qarşıdakı illərdə səni Azərbaycan millisinin heyətində görəcəyik?
- Azərbaycan millisindən mənə maraq göstərirlər. Mənimlə danışırlar. Ancaq mən hazırda Rusiya Premyer Liqasında oynayıram. Addım-addım da məqsədim olan, Rusiya millisinə doğru gedirəm. Lakin heç kim, gələcəkdə nəyin necə olacağını bilmir. Bəlkə gələcəkdə Azərbaycandan imtina edilməsi çətin olan yaxşı təklifl üçün zəng edəcəklər. Yaşayaarıq, görərik.

Xəbər xətti