“Keşlə”nin hücumçusu Amil Yunanov Sportal.az saytına müsahibə verib. Premyer Liqanın 4-cü turu çərçivəsində “Neftçi”yə (0:3) qarşı keçirilən matça start heyətində başlayan forvard həm görüş barədə danışıb, həm də yenidən milli komandaya dəvət olunmaq şanslarını dəyərləndirib:
- “Neftçi” ilə matçda komandan uduzdu. Həmin oyun barədə nə düşünürsən?
- “Neftçi” yaxşı kmandadı. Ardıcıl 3 məğlubiyyətdən sonra üstümüzdə təzyiq var idi. Bu, oyunun əvvəllərində də hiss olunurdu. Matça yaxşı başlasaq da, öz səhvlərimizdən qollar buraxdıq.
- Ola bilər ki, adi səhvlərə görə buraxdığınız qollardan sonra psixoloji olaraq komanda “sındı”?
- Dediyim kimi, oyuna yaxşı başlamışdıq. Ardıcıl 2 yaxşı qol epizodumuz da oldu. Ancaq yararlana bilmədik. Belə anlar olur. “Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm, ancaq öz səhvlərimizdən uduzduq.
- “Neftçi” məğlubiyyəti komandaya necə təsir etdi? Səncə, həmin məğlubiyyət komandada nədi dəyişəcək?
- Əlbəttə, pis təsir edir. Ardıcıl məğlubiyyətlərdən sonra toparlanmaq çətindi. Nələri dəyişəcəyini zaman göstərəcək.
- Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Sənan Qurbanov bəzi futbolçuları daha çox günahlandırdı. Doğurdan, bəzi futbolçular baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmir və ya baş məşqçinin nə istədiyini başa düşmür?
- Baş məşqçi hər oyundan əvvəl bizə tapşırıqlarını verir. Biz də çalışırıq ki, ona əməl edək. Sadəcə bəzən alınmır.
- “Keşlə” 4 oyunun hamısından məğlub ayrılıb. Mövsümöncəsi bu cür nəticə ola biləcəyini ehtimal edirdiniz? Səncə, nəyə görə belə alındı?
- Futboda belə uğursuzluqlar olur. Yəni hər bir komandanın başına belə hadisə gəlir. Uğursuzluq olubsa, demək nəsə düz getmir. Heç nə gec deyil, nələrisə düzəldib, toparlanmaq lazımdı. Bu, mümkündü. 1 qələbə hər şeyi dəyişəcək.
- “Keşlə”də əsas heyətdə tez-tez oynamırsan. Belə olan halda, “Səbail”dən ayrıldığına görə peşman olmamısanki? Səncə, nəyə görə əsas heyətdə oynamırsan?
- Xeyr, peşman deyiləm. Oynayıb-oynamamğımı baş məşqçi bilir.
- Ötən mövsüm “Səbail”də oynayanda Azərbaycanın əsas millisinə yenidən dəvət edilmişdin. “Keşlə”yə gələndən isə bu şansın azalıb. Belə davam edəcək, yoxsa komandanı dəyişə bilərsən?
- “Keşlə” ilə müqaviləm mövsümün sonuna qədərdi. Ancaq qarşıda nələr olacaq, onu zaman göstərəcək. Əlbəttə ki, millidə oynamağı mən də istəyirəm. Bunun üçün gərək klubunda stabil oynayasan və yaxşı performans göstərəsən. Mən də bunun üçün əlimdən gələni edirəm.
- Növbəti matçınız “Qarabağ”a qarşıdı. Ümumiyyətlə, sizin üçün Ağdam təmsilçisini məğlub etmək mümkündü? Sizinlə oyunlarının avrokubok matçından sonra olması sizə üstünlük yaradır?
- Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”a qalib gələk. Asan olmayacaq, amma fikrimiz bu cürdü. Məncə, “Qarabağ” Premyer Liqaya və Konfrans Liqasına eyni gözlə baxır.