Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Lüksemburqla oyun üçün proqrama müsahibə verib.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın formasını geyinən futbolçu bunları söyləyib:
“Özümü başqa sahədə görmürəm. Açığı, karyeramı bitirdikdən sonra hansı sahədə olacağımı fikirləşməmişəm. Sabah nə olacağını heç kim deyə bilməz. Uzun illərdir ölkə futboluna xidmət edirəm, yığmanın üzvüyəm. Müəyyən təcrübəm var. Karyeramı başa vurduqdan sonra qazandığım təcrübəni, bilikləri gənc nəsillərə ötürmək istəyirəm. Hətta nə vaxtsa, başqa sahədə olsam belə, çalışacağam ki, futbolda qazandığımı gənc nəsillərə öyrədim”.
Təcrübəli oyunçu 10 il əvvəlki Qara Qarayevlə indiki arasındakı fərqdən də bəhs edib: “Çox istərdim ki, indiki ağlım 10 il əvvəlki Qarada olsun. Ovaxtkı ağılla, düşüncə ilə bu gün tam fərqli Qara olardım. Sözün həqiqə mənasında böyümüşəm, 10 il ərzində yaxşı nailiyyətlər qazanmışam. Bu illəri hədər keçirmədiyimi düşünürəm. Gördüyümüz işlə nəyəsə nail olmağa çalışmışıq. Həm mənəvi, həm də fiziki olaraq böyüdüyümü düşünürəm”.
Qarayev futboldan kənar bacarığından da danışıb. O, uşaqlıq illərində piano ilə məşğul olduğunu açıqlayıb: “Hər hansı istedadım olmasa da, etiraf edim ki, bacarmadığım iş yoxdur. Hansı işi tapşırsalar, bacarıram. Bir vaxtlar atamın təkidi ilə piano təhsili almışam. Futbola başladıqdan sonra musiqidən uzaqlaşdım, inkişaf etdirmədim. Nə yalan deyim, pianoya marağım olmayıb. Çünki futbol sevgisi daha üstün idi”.
O vurğulayıb ki, indiyədək doğru bildiyi hərəkətləri edib: “Daha əvvəl dediyim hər hansı sözə və ya hərəkətə görə utandığım an da olub. Kaş olmayaydı, kaş etməyəydim. Səhvsiz insan olmur. Sadəcə, xətadan sonrakı davranış, qarşındakı insanın könlünü almaq, bunun istəməyərək olduğunu izah etmək lazımdır. Həyatda böyük danışmaq olmaz. Çünki bu gün “etmərəm” dediyin şey sabah sənin üçün vacib ola bilər və məcbur qalıb edərsən. Ona görə bu söz müəyyən vaxtlarda, müəyyən situasiyalarda öz mənasını itirir. Hər kəs istər məcburiyyətdən, istərsə də tələblərdən irəli gələrək “etmərəm” dediyini edə bilər. Bu günədək etdiyim hərəkətləri doğru bildiyim üçün etmişəm. Ona görə də çalışıram heç vaxt “etmərəm” sözü deməyim. Çünki hər dəqiqənin, hər anın tələbləri fərqlidir”.
Ümidsiz olduğum anların, sadəcə, gecəyədək davam etdiyini deyən Qarayevin fikrincə, açılan hər səhər yeni ümid, yeni başlanğıcdır. O, işğal altındakı torpaqları azad edən Azərbaycan Ordusuna minnətdarlığını bildirib:
“Şükürlər olsun ki, bu gün dünya arenalarında daha qürurlu dayanırıq. Uzun müddət işğalda olan torpaqlarımızı azad etdik. Xalq, millət olaraq həm ölkəmizdə, həm də beynəlxalq arenada özünəinamımızı geri qaytardıq. Son damla qanınadək döyüşən, canı-qanı bahasına torpaqlarımızı işğaldan azad edən, bu duyğuları, qüruru bizə yaşadan qəhrəman Azərbaycan əsgərinə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram. Çünki bu torpaqların geri qaytarılmasında ən çox əziyyət çəkən onlar oldu. Bəli, artıq qaçqın deyilik, bizim də doğma rayonumuz, torpağımız var”.
Qarayev 30 ilədək davam edən işğal dövründə bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladıb: “Müharibə başa çatdıqdan sonra özümə sual verdim ki, qaçqın həyatı yaşamaq bizdən nələr alıb? Normal yaşayış şərtləri, təhsil, maddi vəziyyət, gələcək, xəyallar, arzular və s. Bu siyahını daha da uzatmaq olar. Bu gün bəzi insanlar hələ də bunun travmasını yaşayır. Çünki bəzən həlli müşkül olan problemlər ortaya çıxırdı. Şükürlər olsun ki, bu status üzərimizdən götürüldü. Biz artıq qalib xalqıq, torpaqlarımızı işğaldan azad etmişik”.
Milli komanda üzvü doğulduğu Füzuliyə rayon işğaldan azad olunandan sonra etdiyi səfəri barədə də danışıb:
“Füzuli rayonunun yenidən qurulması üçün təşkil olunan təməlqoyma mərasimində iştirak etdim. Hətta qayıtdıqdan sonra valideynlərimə dedim ki, siz mənə anlatdığınızdan da gözəl, füsunkar təbiətə malik Füzuli gördüm. Bizə danışılanlar gördükərimizdən bir az aşağı idi. Bu anları yaşadığımız üçün şadıq. İnanıram ki, ən qısa zamanda dövlətimizin dəstəyi ilə yenidən qurub-yaradacağıq. O torpaqlara həyat qayıdacaq. Həyatımız boyu bir çox hisslər yaşayırıq: sevinc, kədər, qələbə, məğlubiyyət və s. Amma biz millət olaraq, ilk dəfə torpaqlarımızı geri qaytarmaq hissini yaşadıq. Bunu sözlə ifadə etmək, qələmlə yazmaq mümkün deyil. Füzuliyə ilk dəfə ayaq basanda bir qədər pis təsir etdi. Çünki Füzuli və Ağdamda ermənilər daş üstündə daş qoymamışdılar. Xarabalığı xatırladırdı. Valideynlərimin rayon haqqında bəhs edərkən qeyd etdikləri tikililərdən, binalardan əsər-əlamət qalmamışdı. Bu məqam məni kədərləndirmişdi. Nə yalan deyim, rayonun mərkəzinə daxil olarkən hər hansı bir tikili axtarırdım ki, şəklini çəkim atama göstərim. Təəssüf ki, erməni vandalizmi orada öz işini görmüşdü. Evləri dağıdıblar, bütün infrastrukturu məhv ediblər, bir dənə də salamat bina yox idi. Füzuli rayonunun təməlqoyma mərasimində iştirak etdiyim zaman qürur duydum. O qürur hissi də mənim üçün xüsusi idi. İnanıram ki, ən qısa zamanda dövlətimizin dəstəyi ilə o torpaqlar yenidən canlanacaq”.
Qarayev Füzuli səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə yaşanan maraqlı hadisəni xatırladıb:
“Cənab Prezidentlə sonuncu dəfə səhv etmirəmsə, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız münasibətilə bizi qəbul edərkən görüşmüşdük. Füzuli rayonunun təməlqoyma mərasiminə dəvət almağım mənim üçün xoş sürpriz oldu. Fürsətdən istifadə edib xoş münasibətə, bizi daim diqqətdə saxladığına görə cənab Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Görüş zamanı mənim vasitəmlə “Qarabağ” klubunun üzvlərinə salam göndərdi. Görüşdə iştirak edən dəyərli millər vəkili Aqil Abbas həmin gün oyunumun olduğunu bildirdi. Prezident də oyuna çatıb-çatmayacağımı soruşdu. Zarafatla dedi ki, sənin çatmağın üçün oyunu gec başlayarlar. Aramızda belə kiçik və maraqlı dialoq yaşandı”.
“Qarabağ”ın yarımmüdafiəçisi “Həyatda nələrisə dəyişmək imkanınız olsaydı, nələri dəyişərdiniz?” sualını isə belə cavablandırıb:
“İstəyirəm ki, insana zərər verən bütün silahlar, müharibə ləvazimatları məhv edilsin, irqin, rəngin fərqi olmasın, müharibələr bitsin, uşaqlar daha yaxşı gələcəyə sahib olsunlar. Bəşəriyyət üçün böyük təhlükə olan bəzi şeylərin gerçəkləşmə ehtimalının olması məni narahat edir”.
Sonda Qarayev ən çox bəyəndiyi şəhərin adını açıqlayıb:
“Sayı dəqiq deyə bilmərəm. Belə demək mümkünsə, Avropanın 95 faiz ölkəsində olmuşam. Ən çox bəyəndiyim şəhər kimi, birmənalı olaraq, Madridi qeyd edərdim. İspaniya paytaxtı mənə qeyri-adi, xoş təsir bağışlamışdı”.
saytlarin hazirlanmasi