Vaqif Sadıqov: "AFFA rəsmisi ola-ola əcnəbi məşqçi axtarıldığından xəbərim yoxdu" - MÜSAHİBƏ

14:37 - 17 Noyabr 2021

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Vaqif Sadıqov millimizin geridə qalan tsikldəki çıxışını qiymətləndirib.

 

Sportal.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin sədri müsahibəsində uğursuzluğun səbəbləri, həm əsas, həm də U-21 yığmamızda baş məşqçi planları ilə bağlı sualları cavablandırıb.

 

- Millimizin geridə qalan tsikldəki çıxışını necə qiymətləndirirsiniz?

- Tsikli 1 xalla başa vuran millinin nəticələrini təbii ki, qənaətbəxş hesab etmək mümkün deyil. Hər birimiz məyusuq. Çox böyük ümidlər bağlamışdıq. Düzdür, bunun obyektiv, subyektiv səbəbləri var. Çoxumuz deyirik ki, beş komandalı qrupa düşməyimiz bizimlə eyni gücdə olan rəqiblə mübarizə aparıb xal əldə etməyə imkan vermədi. Həmişə demişəm, böyümək istəyiriksə, güclü komandalarla mübarizə aparıb nəticə qazanmalıyıq. De Byazinin burada olduğu ilk ildə güzəştə getdik. Çünki Azərbaycan futbolu və futbolçuları ilə yeni tanış olurdu. Ancaq növbəti mərhələdə istər-istəməz komandadan məzmunlu, azarkeşləri sevindirən oyun və müsbət nəticə gözləyirdik. Heyif ki, bunun şahidi olmadıq. Hazırda azarkeşlərdən tutmuş, bütün futbol ictimaiyyəti nəticələrə görə məyusdur.

 

- Təcrübəli futbol adamı kimi uğursuzluğun səbəbini nədə görürsünüz?

- Xeyli layihələr həyata keçirilir. Ancaq istədiyimiz nəticəni əldə edə bilmirik. Görünən odur ki, hansısa problemlər, boşluqlar var. Bunu araşdırıb, üzə çıxarıb həlli ilə məşğul olmaq lazımdır. İstər-istəməz yığmanı görürük. Hansısa dəyişikliklər etməklə sabaha ümid bəsləyirik. Təməli qoyan zəncirvari bağlılıq var. Uşaq futbolu, çempionatın səviyyəsi, klublar, bunlar hamısı bir-birinə bağlıdır. Güclü zəncirvari bağlılıq olmalıdır ki, piramidanın zirvəsindəki yığmamızdan istədiyimiz nəticəni ala bilək. Artıq zaman gəlib, boşluqlar dəqiqliklə araşdırılmalıdır. Problemlər tapılmalı, ilk növbədə ictimaiyyətə çatdırılmalı, daha sonra aradan qaldırılmalıdır. İşimizi elə qurmalıyıq ki, güclü yığma görək. Bizim azarkeşlərimiz bunu görməyə layiqdir. Futbolçularımız da buna qadirdir. Deyir, "bu dünyada sən varsan, mən varam, amma biz yoxuq”. 

 

- Hər kəs De Byazinin istefa verəcəyini gözləyir. Bu, çıxış yolu ola bilərmi?

- Təkcə baş məşqçini dəyişməklə nəsə düzələrsə, bu, ən rahat yoldur. Hesab edirəm ki, kompleks şəkildə işlər görülməlidir. Təməli gücləndirib, bağlılıq yaratmaqla  istəyimizə nail ola bilərik. De Byazi ayın sonuna qədər millimizin baş məşqçisidir. Onun işinə hörmətlə yanaşmaqla vaxtı gözləməliyik. İlk növbədə onun hesabatı dinlənilməlidir. Daha sonra gələcək addımlar barədə düşünməliyik.

 

- Hazırda yığmada yeni əcnəbi baş məşqçiyə ehtiyac var?

- Təhlil aparsaq, görərik ki, əvvəlcə 5, daha sonra 7 və Foqtsla 9 xal əldə olundu. Prosineçkinin zamanında isə daha yüksək – 10 xal topladıq. Sonradan enişə məruz qaldıq və qrupda cəmi 1 xala sahib olduq. Bu üzdən çox ciddi müzakirələr aparılmalıdır. İlk növbədə səbəbi araşdırıb tapmaq lazımdır. Hər komandanın yüksəlişi və enişi olur. Ancaq bu, xeyli vaxtdır davam edir. De Byazi və ya onu kim əvəz edərsə, futbolumuza xeyir verməlidir. 

 

- AFFA əcnəbi məşqçi axtarır. Halbuki, Azərbaycanda kifayət qədər yerli təcrübəli məşqçilər var ki, sinəsini irəli verməyə hazırdır. Onlara güvənmək, şans vermək olmaz?

- Onlara şans vermək mümkündür. Amma mən AFFA rəsmisi ola-ola əcnəbi məşqçi axtarıldığından xəbərim yoxdur. Bunu səmimi etiraf edirəm. Kənarda hansısa məşqçi ilə danışıqlar getdiyini bilmirəm. Siz necə deyə bilərsiniz ki, AFFA əcnəbi mütəxəssis axtarışındadır? Hələ dekabrın 1-nə qədər millimizin baş məşqçisi var. Gəlin, ilk növbədə özümüzə, millimizə, De Byaziyə hörmət edək. 

 

- Okan Burukun adı hallanırdı. Bir neçə gün öncə isə türkiyəli mütəxəssis Samet Aybaba özü etiraf etmişdi ki, AFFA ilə danışıqlar aparır...

- Samet Aybaba gündə bir açıqlama verir. Səhər deyir ki, yığmaya gətirilməsi üçün danışıqlar aparıblar, axşam isə bildirir ki, elə söz danışmayıb, onun adından istifadə ediblər. Bu, nə dərəcədə ciddidir? Mən sizə deyirəm ki, bu gün heç kimlə danışıq aparılmır. Ayın sonuna qədər hələlik hansısa addımlar atılmır. Vaxt gəlsin, öz aramızda müzakirələr aparacağıq, sonra qərar verəcəyik. Okan Buruk imtina etdi. Samet də həmin günün axşamı açıqlama verdi ki, sözləri onun adından yazıblar. AFFA rəhbərliyi məhz dekabrın 1-dən sonra müzakirələr aparmağı planlaşdırır. De Byazi ilə yola davam edib-etməyəcəyimizi, yerli, yaxud əcnəbi məşqçi təyin olunacağı ilə bağlı müzakirələr aparılacaq. Müzakirələrdən sonra istiqamət götürüləcək. Sizinlə razıyam, hazırda ölkəmizdə təcrübəli, gənc, yığmanı çalışdıra biləcək yerli mütəxəssislərimiz var. 

 

- Türkiyədə kifayət qədər tanınmış, güclü məşqçilər var. Məsələn, Şenol Günəşi, Fatih Terimi nümunə göstərmək olar. Ancaq onların Azərbaycana gələcəyi inandırıcı deyil. Belədə digər, nisbətən ikinci dərəcəli məşqçilər Azərbaycan futboluna nə verə bilər?

- Bundan əvvəl düşünə bilərdik ki, İtaliya fubolunun nümayəndəsi bizə nəsə verə bilər? Yaxud xorvatiyalı? Ən vacibi odur ki, kimliyindən asılı olmayaraq, baş məşqçi Azərbaycan futboluna fayda versin. Yəni, deməyim odur ki, aşağı səviyyəli komandada çalışan insanlar müzakirə obyektinə çevrilirsə, bu düzgün deyil. Fikrimcə, De Byazinin müqaviləsi bitəndən sonra müzakirələr başlayacaq. Hər şey ölçülüb-biçiləcək. Səhv etmək imkanımız yoxdur. Ölkəmiz digər sahələrdə inkişaf edir. Futbolda da geridə qalmamalıyıq. Həyata keçirilən bütün layihələrin bəhrəsinin görməyin vaxtı çatıb. Bir şeyi unutmayaq, sırf müzakirə predmeti əsas yığma olmamalıdır. Aşağı təbəqələrdə elə sütun yaradılmalıdır ki, hamısı bir-birini qoruyub saxlasın və zirvədə olan yığmanın uğurlarına da sevinək. 

 

- U-21-in nəticələrinə görə baş məşqçi Milan Obradoviçlə bağlı da kəskin narazılıqlar var. Onun göndərilməsi gündəmdədir?

- Bu gün Obradoviç millimizi Norveçlə oyuna çıxaracaq (Müsahibə U-21 millimizin Norveçlə dünənki matçından əvvəl alınıb - Red.). Biz də bilirik ki, nə var, nə yox. Bunu təkcə siz deyil, biz də görürük. Amma indi onun qalıb-qalmamasını müzakirə etsək, bu, millimizə necə təsir göstərər? Demək istəyirəm, gəlin, səbrli olaq. Əsgər Abdullayev sizə verdiyi müsahibədə yaxşı bir söz işlətmişdi: "Həmkarlar bir-birini müzakirə deyil, müdafiə etməlidir”. Biz də həmkarıq. Artıq dərəcədə xahiş edirəm, bu gün hələlik fəaliyyədə olan insanlarla bağlı müzakirə aparmayaq. Yarışlar bitsin, hər bir məşqçi AFFA rəhbərliyi qarşısında hesabat verəcək. Sizdə olan suallar bizdə də var və onları məşqçilərə ünvanlayacağıq. Hesab edirəm ki, müzakirələrdən sonra Azərbaycan futbolunun inkişafı naminə düzgün qərar qəbul olunacaq. Səmimiyyətimə inanın, futbol dilində danışmağı bacarıram. Futbolun içində olan insan kimi, problemləri görüb çatdıra bilirəm. 

 

Mənbə: Qaynarinfo.az

Xəbər xətti