"ÇSKA 1948" klubunun futbolçusu Emil Martinov Sportal.az saytına müsahibə verib. "Səbail"də çıxış etmiş bolqar futbolçu Azərbaycandakı karyerasını xatırlayıb.
- ÇSKA-dakı işlərin necə gedir?
- Hər şey yaxşı gedir. Mövsümün 2-ci yarısına hazırlaşırıq. Kollektiv olaraq fikrimiz ancaq yaxşı nəticələr qazanmaqdı.
- Azərbaycan çempionatında mübarizə aparan 8 klubdan 6-ı Türkiyədə idi. ÇSKA da hazırlıq üçün Türkiyəni seçmişdi. Maraqlıdı, sabiq komanda yoldaşlarından və ya azərbaycanlı futbol funksionerlərindən kiminləsə görüşdün?
- Xeyr, heç kimlə rastlaşmadım. Artıq oradan ayrıldıqdan sonra heç Azərbaycan klubları ilə də üz-üzə gəlməmişəm. Siz deyən kimi, Türkiyədə də heç kimi görmədim.
- Əslində, "ÇSKA 1948" "Neftçi" ilə yoxlama görüşü keçirməli idi. Amma sonradan bu oyun ləğv edildi. Səbəbini bilirsən?
- Ola bilər ki, əvvəlcədən oyun planlaşdırılmışdı. Ancaq açığı, sonradan nə baş verdiyini bilmirəm. Ona görə də bu barədə nəsə deyə bilmərəm.
- Artıq 2 ilə yaxındı öz ölkəndə oynayırsan. Maraqlıdı, vaxtilə "Səbail"dən ayrılmağına əsas səbəb nə idi?
- Qeyri-adi bir şey yoxdu. Sadəcə olaraq, yeni müqavilə ilə bağlı razılığa gələ bilməmişdik. Belədə, ayrılıq olmuşdu.
- Azərbaycandakı karyeran sənin üçün nə ilə yadda qalmışdı?
- Əlbəttə ki, "Səbail" və Azərbaycanla bağlı yaxşı xatirələrim var. Biz klubun tarixində ilk dəfə mövsümü 3-cü pillədə başa vuraraq Avropa Liqasında oynamağa haqq qazandıq. Həqiqətən də çox yaxşı anlar idi.
- Son vaxtlarda Azərbaycan klublarından təkliflər almısan?
- Adını deyə bilməyəcəm. Amma 1 il əvvəl Azərbaycana qayıda bilərdim. Çünki klublarınızın birindən təklifim var idi.
- Səninlə eyni liqada oynamış, rəqib olmuş "Çerno More"nin sabiq futbolçusu Leandro Andrade "Qarabağ"a keçdi. Onun haqda fikrin necədi?
- Bəli, Leandronu yaxşı tanıyıram. Ona qarşı da oynamışam. Həqiqətən də çox yaxşı futbolçudu.
- Hazırki komanda yoldaşlarından olan Qalin İvanov vaxtilə Azərbaycanda, "Xəzər Lənkəran"da çıxış edib. Heç arada-bir onunla Azərbaycandaki xatirələr haqda danışırsınız?
- Bəli, biz Qalinlə bir neçə dəfə Azərbaycandakı karyeralarımız barədə danışmışdıq. Hətta o, mənə sonradan mənimlə "Səbail"də oynayan futbolçularla eyni komandada oynadığını bildirmişdi. Ağabala Ramazanov və Rahid Əmirquliyevlə birlikdə "Xəzər Lənkəran"da oynamışdı. Mən də "Səbail"də onlarla birlikdə çıxış edirdim. Yəni, ara-sıra hər ikimiz Azərbaycandakı karyeramızdan danışırıq.