"Klub rəhbərliyi Tovuz futbolunun inkişafı üçün əlindən gələni edir"

14:38 - 20 May 2022

"Turan Tovuz"un yeni baş məşqçisi təyin olunacağı gözlənilən Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" un baş məşqçisi təyin olunmağınız münasibətilə sizi artıq təbrik etmək olar?
-  Rəsmiləşdikdən sonra təbrik etmək olar. Danışıqlar hələ ki, gedir. Yəqin ki, yaxın günlərdə rəsmiləşəcək. Fikir mübadilələrimiz əvvəl də var idi. Klubun Müşahidə Şurası mənimlə danışığa qərar verdikdən sonra bütün detalları müzakirə edirik. Allah qoysa, yaxın günlərdə hər şey rəsmiləşəcək.

- "Sumqayıt"dan sonra işsiz idiniz. Yetərincə dincələ bildiniz? Artıq yenidən işləmək üçün yəqin ki, enerji yığmısız? 
"Sumqayıt"dan ayrıldıqdan sonra altı aydır dincəlirik. Məşqçilikdə belə şeylər olur. Amma bu o demək deyil ki, orada da yorulmuşduq. Məşqçilik stressli işdi, həm fiziki, həm də psixoloji tərəfdən yorulursan. Hər halda "Sumqayıt"dan ayrıldıqdan sonra yetərincə vaxt keçib və indi işləməyə hazırıq.

- "Turan Tovuz"la rəsmi müqavilə nə vaxt imzalayacaqsınız və neçə illik olacaq müqavilə?
Bu detalları müzakirə edirik. Yəni, bu dəqiqə nəsə deməyim düzgün çıxmaz. Yaxın günlərdə müzakirələrdən sonra rəsmi müqavilə bağlanmalıdı. Məhz bundan sonra müqavilənin detalları barədə də məlumat veriləcək.

- Maraqlıdı, Tovuz klubundan istəyiniz nə olub, hansı şərtlərlə razılıq vermisiz? 
- Bu məsələdə ilk olaraq klub rəhbərliyinin fikri məndə çox maraq oyatdı. Rəhbərlik Tovuz futbolunun inkişafı üçün əlindən gələni edir. Komanda doqquz ildən sonra ilk dəfədir ki, Premyer Liqaya vəsiqə qazanır. Rəhbərlik yaxşı, döyüşkən komanda qurmaq üçün çalışır. Premyer Liqa çətindi. Rəhbərliklə bir çox fikirlərimiz üst-üstə düşür, bir çox fikirlərini bəyənmişdim. Mən də öz təklifimi irəli sürmüşdüm. Gələcəyi fikirləşirlər, komandanın təməlini yaxşı quraraq gələcəyi parlaq olacaq gənclər yetişdirmək istəyirlər. Tovuz futbol məktəbi həmişə məşhur olub. Planlar çoxdu. Çalışacağıq ki, alınarsa, bu planları yerinə yetirək.

- Yeni mövsüm yüksək liqada necə "Turan Tovuz" görəcəyik?
Mütləq ki, komandanın öz mövqeyi, öz oyun üslubu olacaq. Rəhbərlik də ilk olaraq intizamlı komanda görmək istəyir. Bunun üçün çalışacağıq. Tovuzda təcrübəli futbolçular var. Onların da komandada olmasını istəyirik. Bu yöndə də işlər gedəcək. Gənclərə daha çox üstünlük veriləcək. Komandaya təcrübəlilər də lazımdı, gənclər də.

- Hazırda komandada yer alan uşaqlardan yeni mövsüm yüksək liqada görə biləcəyimiz futbolçular var? 
Heyətdə indi 2000-2001-ci il təvəllüdlü oyunçular da var. Təcrübəli oyunçularımız da var. Hamısına baxılacaq, çalışacağıq ki, gənclərə kömək edək. Milli komandalara qədər yüksəlmələri üçün kömək olacağıq. Çünki gənclərin inkişafı önəmlidi. İlk işimizdən biri də bu olacaq. Onların da şansı var. Amma özlərindən çox şey asılıdı. Premyer Liqada mübarizə aparmaq asan deyil. Futbolçuların özündən çox şey asılıdı. Güclü futbolçu istəyirik. Futbolçular mübarizədən qalib çıxmalıdı.

- Bölgəyə legioner gətirmək çətin olmayacaqki? 
Axtarışlar davam edəcək. Hər halda futbolçu da bilməlidir ki, hansı kluba, hara gedir. Yəni, bir kluba getdikdən sonra heç bir problem olmaz. İşlərimiz aydın olduqdan sonra, bu yöndə də işlərimiz olacaq.

Mirbağırağa

Xəbər xətti