"Qəbələ"nin rəqibini yaxından tanıyaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin bu gün keçirilən püşkatması “Qəbələ”nin 2022-2023-cü illər mövsümündəki ilk rəqibinin adına aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” bu raundda Macarıstanın “Fehervar” klubu ilə üz-üzə gələcək.

 

Sekeşfehervar şəhərini təmsil edən klubun əsası 1941-ci ildə qoyulub. 81 yaşlı klub ev oyunlarını 15 min tamaşaçı tutan “Şuştoi” stadionunda keçirir.

 

Bu klub adını dəfələrlə dəyişməsi ilə diqqət çəkir. Daha çox “Videoton” adı ilə tanınan komanda 1995-2009-cu illərdə də “Fehervar” olub. Sonradan yenidən “Videoton” və “Mol Vidi” kimi çıxış edən klub 2019-cu ildən indiki adını qaytarıb.

 

Uzun müddət aşağı liqalarda oynayan komanda 1968-ci ildən yüksək dəstədə oynamaq hüququ qazansa da, elə həmin il oranı tərk edib. Bir neçə dəfə liqalar arasında aşağı-yuxarı hərəkət edən “Fehervar” 1975/76 mövsümündə Macarıstan çempionatının gümüş medalçısı olub. Komandanın tarixində ən böyük uğur isə 1984/85 mövsümünə təsadüf edib. UEFA kubokunda PSJ və “Mançester Yunayted” kimi adlı-sanlı rəqibləri mübarizədən kənarlaşdıran macarıstanlılar finaladək irəliləyib. Həlledici matçda Madrid “Real”ı qələbə ilə kuboka sahib çıxıb.

 

Daxili arenadakı uğurlar isə son illərə təsadüf edir. 2010-2011-ci illər mövsümündə ilk dəfə ölkə çempionu olan “Fehervar” 2014-2015 və 2017-2018-ci illərdə də uğurunu təkrarlayıb. Bundan başqa, çempionatda 8 gümüş və 4 bürüncü olan “Fehervar” ötən mövsümü mükafatların bir addımlığında – 4-cü pillədə bitirib. 2 dəfə kubok, 3 dəfə liqa kubokunu qazanan komandanın aktivində iki Superkubok da var.

 

Lakin “Fehervar” Avropada böyük uğur qazanmayıb. Yalnız iki dəfə Avropa Liqasının qrupuna qədər irəliləyən komanda növbəti raunda yüksələ bilməyib.

 

Avrokubokların daimi iştirakçısına çevrilən “Fehervar” ötən mövsüm Konfrans Liqası ilə I təsnifat mərhələsində vidalaşıb. Mihael Borisin baş məşqçisi olduğu komanda çempionatdakı 33 matçda 48 xal toplayaraq bürünc mükafatçıdan 6 xal geri qalıb. Ölkə kubokunda isə “Fehervar” 1/4 finalda mübarizəni dayandırıb.

 

Xatırladaq ki, “Qəbələ” və “Fehervar” arasında ilk oyun iyulun 21-də Macarıstanda, cavab qarşılaşması ayın 28-də keçiriləcək.

Tarix: 15 İyun [18:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio