"Zirə"nin müdafiəçisi Nemanya Ancelkoviç Sportal.az saytına müsahibə verib. Serbiyalı müdafiəçi komandasının Premyer Liqanın ikinci turunda "Sabah"a məğlubiyyətini şərh edib.
- "Zirə" "Sabah"la matçdan məğlubiyyətlə ayrıldı. Səncə, nəyə görə məğlub oldunuz?
- Bəli, təəssüf ki, biz bu oyunda uduzduq. Düzünü desəm, ikinci hissədə nə baş verdiyini anlaya bilmədim. Biz asanlıqla qol buraxdıq. "Sabah"a qarşı keçirdiyimiz matçı unutmaq lazımdı. Çünki qarşıda oyunlar var və həmin oyunlara köklənməliyik.
- Komanda meydanda istəksiz görünürdü, hətta baş məşqçiniz də bu barədə oyundan sonra keçirilən mətbuat konfransında bildirdi. Niyə belə idi?
- Bu barədə nə deyəcəyimi bilmirəm. Düşünürəm ki, biz çox yaxşı komandayıq və futbol oynamağı unuda bilmərik. Çünki biz yaxşı futbol oynadığımızı, keyfiyyətli komanda olduğumuzu göstərmişik. Futbolda yüksəlişlərin və enişlərin olması normaldı. Burada dəhşətli heç nə yoxdu.
- “Sabah” “Zirə”dən o qədər güclü idi ki, bir xal da qazana bilmədiniz?
- Mənim üçün komandam ən yaxşısıdır. Özümüzə də çox inanıram. Əgər biz meydanda çılığın olsaq, heç kim bizdən daha yaxşı deyil.
- Ola bilər ki, “Makkabi” səddini keçə bilməməyiniz sizə təsir edib?
- “Makkabi” ilə keçirdiyimiz oyunlarda güc sərf etdik. Çünki biz qalib gəlmək istəyirdik. Bakıda “Makkabi”yə 0:3 uduzmağa layiq deyildik. Bu, bizi narahat etdi. Daha yaxşısına layiq idik.
- "Zirə" bu mövsüm Premyer Liqada hansı nəticəni göstərə bilər?
- Hədəflərimiz var. Necə olacağını mövsüm sonunda görəcəyik. Biz mübarizəmizi davam etdiririk.
- Premyer Liqanın üçüncü turunda "Sumqayıt"la qarşılaşacaqsınız. Səncə, bu oyunda qalib gələ biləcəksiz?
- Biz hər oyun qələbə üçün oynayırıq və bunu əldə edəcəyimizə də inanırıq. Maksimumu meydanda qoyacağıq. Yaxşı hazırlaşacağıq və ümidvaram ki, bu matçda uğurlu nəticə olacaq.
- Komandaya Benin millisinin müdafiəçisi Moiz Adileu gəlib. Son matçda da birlikdə oynadınız. Onun haqda fikrin necədi?
- Bəli, o, yeni gəlib. Premyer Liqada artıq debütünü də etdi. Ümid edirəm ki, komandaya tez bir zamanda uyğunlaşar. Hamımız ona kömək etmək üçün buradayıq.
Mirbağırağa