Azərbaycanın U-23 yığması Konya şəhərində davam edən V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində Türkiyəyə uduzdu. Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv üçüncülük mübarizəsində Əlcəzairlə qarşılaşacaq. Yığmamızın aparıcı üzvü Murad Xaçayev saytımıza müsahibəsində komandanın İslamiadada çıxışından danışıb.
- Yarımfinalda Türkiyəyə 0:1 uduzdunuz və finala adlaya bilmədiniz. Niyə uduzdunuz?
- Hər iki komanda finala adlamaq istəyirdi. Həm biz, həm də Türkiyə ehtiyatlı oynayırdı. Çünki hansı komanda qol vursaydı, matçın taleyi həll olunacaqdı. Türkiyə bunu edə bildi, təəssüf ki, biz bacarmadıq. Türkiyə yaxşı təşkilatlanmış komandadı. Taktiki cəhərdən də yaxşı idilər.
- İran yığması İslamiadaya qatılmadığına görə, qrupda Səudiyyə Ərəbistanına uduzub, Mərakeşlə heç-heçə oynayaraq qrupdan çıxmağı bacardınız. Səncə, İran yığması da gəlsəydi, işiniz daha çətin olacaqdı?
- Heç kim deyə bilməzdi, İranla matçımız necə alınardı. Çünki Səudiyyə Ərəbistanı ilə görüşdə də qalib gələ bilərdik. Amma 90+4-cü dəqiqədə baş hakim qapımıza haqsız penalti təyin etdi. Mərakeşlə matçda da hesabda öndəydik. Amma 90+5-ci dəqiqədə qol buraxdıq. Həmin hesab da bizi qane edirdi.
- Üçüncülük uğrunda Əlcəzair yığması ilə qarşılaşacaqsınız. Onlar haqda məlumatınız var?
- Türkiyə ilə görüşdə onların oyununu canlı izlədik. Onların heyətində texnikalı, sürətli futbolçuları var. Məncə, çox maraqlı görüş olacaq.
- Azərbaycanın futbol yığması son İslamiadada qalib olmuşdu. Bu dəfə isə qızıl medallara sahib çıxmaq alınmayacaq. Çempionluğu qoruyub-saxlaya bilməməyinizlə bağlı nə deyəcəksən?
- Məncə, Bakıda keçirlmiş İslamiadada yığmamızın heyəti ilə indikini müqayisə etmək doğru olmaz. Həmin vaxtı İslamiada Bakıda keçirilirdi və heyət Premyer Liqada oynayan oyunçulardan ibarət idi. İndi isə İslamiadaya gənc heyətlə gəlmişik. İslamiada əksər futbolçu üçün ilk beynəlxalq təcrübə olduğuna görə, üçüncü yer bizim üçün layiqli nəticə sayıla bilər.
- İslamiadada yığmanın heyətində olduğun bir vaxtda, “Sumqayıt” Premyer Liqada keçirdiyi ilk iki turu məğlub başa vurub. Yəqin ki, klubuna kömək etməyi istəyərdin?
- Bəli, təəssüf ki, ilk iki turda məğlub olmuşuq. Amma qarşıda hələ çox oyun var. Tezliklə komandanın düşərgəsinə qoşulacam və uğurlu nəticələr qazanmaq üçün əlimdən gələni edəcəm.
Mirbağırağa