"Qazaxıstana sübut etməliyik ki, futbolumuz onların futbolundan daha üstündü"

11:00 - 25 Sentyabr 2022

Azərbaycan millisinin keçmiş müdafiəçisi Rail Məlikov Sportal.az saytına müsahibə verib. Veteran futbolçu yığmamızın Millətlər Liqasındakı çıxışını dəyərləndirib.

- Azərbaycan millisi Millətlər Liqasının 5-ci turunda səfərdə Slovakiyaya qalib gəldi. Həmin oyunu necə dəyərləndirirsiniz?
- Hər bir azərbaycanlı kimi mən də millimizin qələbə qazanmasını istəyirdim. Həm Slovakiya, həm də bizim üçün ağır oyun olacağı dəqiq idi. Allaha şükür, qalib gələn tərəf biz olduq. Oyundan öncə millimizdən nə qələbə, nə məğlubiyyət, nə də heç-heçə gözləyirdim. Çünki oyunun gedişatında hər şey dəqiq görünəcəkdi. Qələbə qazanmağımız sevindiricidi.

- Qalib mühakimə edilmir. Amma maraqlıdı, millinin qələbə qazanmasına kömək olan kim və ya nə idi?
- Futbolçularımız xarakter göstərdi, sona qədər mübarizə apardı, ruhdan düşmədilər. Onlarda qələbə əzmi yüksək idi. Canni De Byazinin gəldiyi vaxtdan bu yana yığma ən yaxşı oyunlardan birini keçirdi. Qazaxıstan qalib gəlmişdi deyə, Slovakiyanın bizə qarşı motivasiyasız oynadığını söyləmək doğru olmaz. Futbolçularımızın əməyinə haqsızlıq etmək olmaz. Çünki onlar əziyyət çəkdi, qalib gəldi.

- Millimizin penaltidən qol buraxdıqdan sonra, ikinci qolunu vuracağını ehtimal edirdiniz? 
- Yığmamızda "come back"lər çox olmayıb. Slovakiya matçındakı geridönüş isə ən gözəçarpanıdı. Çünki ilk qolu buraxdıqdan sonra çoxları deyirdi ki, milli müdafiəyə çəkiləcək və Slovakiya ikinci qol üçün irəli atılacaq. Hardasa əksinə oldu. Çünki milli arxaya oturmadı, hücuma getdi. Uşaqlarda qalib gəlmək istəyi var idi. Doğrudu, birinci qolu vurduqdan sonra müdafiəyə oturmuşdular. Bunun taktiki gediş kimi də dəyərləndirmək olar. Slovakiya evdə oynayırdı, təzyiq edirdi. Buna görə də komandamız arxaya çəkilməliydi.

- Yəni, ikinci hissədə daha çox öz cərimə meydançamızda olmağımız doğru addım idi?
- Ola bilsin ki, hesabda önə keçdiyimizə görə, Canni De Byazi tapşırıb ki, müdafiədə oturaq və əks-hücumlara çıxaraq ikinci qolumuzu vuraq. Slovakiya məğlub durumdaydı, onları əks-hücumda tutmaq daha asan görünürdü. Rəqibin təzyiq etməsi arxada oturmağımıza səbəb oldu. Məncə, düzgün seçim etdik.

- Matçın ən yaxşısı kimi hansı futbolçunun adını çəkə bilərsən?
- Bir nəfərin adını deyə bilmərəm. Ehtiyatda oturandan əsas heyətdə oynayanların hamısı ideal idi. Hansısa futbolçunu xüsusi qeyd edə bilmərəm.

- Millimiz bu gün Qazaxıstan önünə çıxacaq. Necə fikirləşirsiniz, bu oyunda da qələbə qazanmaq mümkündü?
- Qələbə hər zaman xoşdu, çünki burada ölkəmizin adı var. Millimizin Qazaxıstanla cavab görüşündə qalib gəlməsini daha çox istəyirəm. Uşaqların fədakar olacağına da, gücünə də inanıram. Milli komandamıza uğurlar arzu edirəm. Qazaxıstanla görüşdə qalib gəlməymiz çox önəmlidi. Səfərdə onlara uduzanda, hətta "Qarabağ" ötən il "Kayrat"ı udanda da qazaxlar tərəfindən bəzi söz-söhbətlər var idi. Qazaxıstana sübut etməliyik ki, futbolumuz onların futboldan daha üstündü. İnanıram ki, bu oyunda qələbə seriyamız davam edəcək.

Mirbağırağa

Xəbər xətti