"Bu səviyyəyə çatmaq üçün nə qədər çalışmaq lazım olduğunu "Atalanta"da gördüm" - MÜSAHİBƏ

12:11 - 1 Oktyabr 2022

"Qəbələ"nin şimali makedoniyalı futbolçusu İsnik Alimi Sportal.az saytına müsahibə verib. Premyer Liqanın 8-ci turunun "Səbail"lə (1:2) görüşündə komandasının qollarından birinə imza atan Alimi görüşü və növbəti dəfə penaltidən fərqlənməsini şərh edib. 

- "Qəbələ" dünən "Səbail"lə matçda 2:1 hesablı qələbə qazanmağı bacardı. Matç sizin üçün necə alındı?
- Bu mövsüm heç bir oyun asan keçməyib və keçməyəcək də. Çünki bütün komandalar meydana xal və xallar üçün çıxır. "Səbail"lə görüşdə biz çox da yaxşı oynamadıq. Amma vacib olan budur ki, qalib gəldik. Qalib gələcəyimizə sona qədər inanırdıq. 

- Milli komandaların oyunlarına görə ölkə çempionatına fasilə verilmişdi. Bundan lazımınca istifadə edə bilmişdiniz?
- Doğrudu, əlimizdən gələni etdik ki, daha yaxşı səviyyədə hazırlaşaq. Çatışmazlıqları aradan qaldırmağa çalışdıq. İnanıram ki, biz bunu həyata keçirə bildik.

- Qalib gəlməyinizdə rəqibin meydanda 10 nəfərlə qalmasının nə qədər təsiri oldu?
- Təbii ki, bir komandanın meydanda 10 nəfərlə qalması, digəri üçün yaxşıdı. Amma siz oyunun gedişində tez-tez bu barədə düşünürsüzsə, qalib gələ bilməzsiniz. Eyni səviyyədə oyuna davam etmək lazımdı. “Səbail”ə qarşı oynamaq asan deyildi. Çünki onlar bütün komanda ilə müdafiə olunurdu. Boşluq vermirdilər, çətin idi nəsə etmək.

- Penaltiləri siz yerinə yetirirsiniz və hamısı da qolla nəticələnir. Qapıçıları necə aldadırsınız ki, rahatlıqla penaltini yerinə yetirirsiniz?
- Kənardan asan görünə bilər, amma bu, belə deyil. Şadam ki, yerinə yetirdiyim penaltilərin hamısı qolla nəticələnib. Bu cür də davam edəcəyimə inanıram. İndi bir az çətindi. Çünki necə vurduğumu bilirlər. Mən buna diqqət etməliyəm. Emosionallığa yol verməmək üçün soyuqqanlı olmaq vacibdir. 

- Rəsmi görüşə çıxmasanız da, 8 il "Atalanta"nın futbolçusu olmusuz. Bu, karyeranıza necə təsir edib?
- “Atalanta”da taktiki, texniki və digər məsələlərdə çox şey öyərnmişəm. Bu səviyyəyə çatmaq üçün nə qədər çalışmaq lazım olduğunu “Atalanta”da olanda gördüm. Həqiqətən də orada çox yaxşı təcrübə toplamışam. Bu da karyerama yaxşı mənada təsir edib. 

Mirbağırağa

 

Xəbər xətti