Belçikalı futbolçu: "Bilirəm ki, Riçard Almeyda Qarabağ"ın döyünən ürəyidi"

13:45 - 8 Noyabr 2022

Azərbaycan çempionu "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə qarşılaşacaq. Ölkəmizdə oynamış dörd belçikalı futbolçudan biri olan Benjamin Lambot Sportal.az saytına müsahibəsində "Qarabağ" - "Gent" matçında komandaların şanslarından danışıb. Hazırda ölkəsinin "Lüttix" klubunda oynayan 35 yaşlı futbolçu vaxtı ilə "Simurq"un üzvü olub. 

- Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasına əsasən "Gent" "Qarabağ"la qarşılaşacaq. Bununla bağlı fikrin necədi?
- Bəli, xəbərim var. Məncə, normal püşkdü.

- "Gent" çox güclü komandadı?
- "Gent"in Belçika çempionatında "Brügge" ilə oyununa baxdım. Çox yaxşı futbol oynadılar. Həm də qalib gəldilər. Ona görə də, "Gent"in yaxşı komanda olduğunu deyə bilərəm.

- Səncə, “Gent” favoritdi, yoxsa “Qarabağ”?
- Hansısa komandanın favorit olduğunu demək çətindi. Məncə, “Qarabağ”ın da, “Gent”in də şansı eynidi. Maraqlı və gərgin oyun olacaq.

- "Qarabağ"ın bu mövsümkü oyunlarından birinə baxmısan?
- Hansısa oyununa ilk dəqiqədən sona qədər baxmamışam. Lakin oyunlardan epizodları görmüşəm, bütün nəticələrini izləyirəm. Bu mənada, "Qarabağ" çox yaxşı komanda olduğunu bilirəm. Özüm də Azərbaycanda oynayanda "Qarabağ"ı daha yaxından görmüşdüm.

- Yəqin ki, Belçikada azarkeşlər "Qarabağ"ı yaxşı tanıyır…
- Bəli, Belçikada insanlar “Qarabağ”ı yaxşı tanıyır. Onların avrokuboklarda da uğurlu çıxış etdiklərini bilirlər.

- İlk görüşün Bakıda keçirilməsi hansı komandaya üstünlük yaradır?
- Artıq ev və səfər anlayışı sanki qalmayıb. Çünki səfər qolu yığışdırılıb. Amma istənilən halda, “Qarabağ” evdə yaxşı nəticə göstərməyə çalışacaq. Gentdə də atmosfer əla olur.

- “Gent”in hansı futbolçusunu xüsusi qeyd edərdin?
- Mən "Gent"in qolkiperi Pol Nardi ilə birlikdə oynamışam. “Serk-Brügge”də komanda yoldaşı olmuşuq. Yaxşı qolkiperdi. Kapitan Vadis Ocica-Ofoeni və Sven Kums da “Gent”in aparıcı futbolçusudu. Huqo Kuypers isə bu mövsüm çox yaxşı formadadı. O da “Qarabağ” üçün təhlükəli sayıla bilər.

- Bəs “Qarabağ”ın hansı futbolçusu “Gent” üçün təhlükəli ola bilər?
- Düzünü desəm, “Qarabağ”ın çox futbolçusunu tanımıram. Amma bilirəm ki, Riçard Almeyda "Qarabağ"ın döyünən ürəyidi. Abdullah Zubiri də "Lans"dan tanıyıram. O, Fransa klubunda yüksək səviyyədə çıxış edib. “Qarabağ” bu mövsüm həqiqətən çox yaxşıdı.

- “Qarabağ” “Gent”i keçərsə, bu, belçikalı azarkeşlər üçün sürpriz olacaq?
- Xeyr, belə olacağını düşünmürəm. Çünki hər iki tərəfin şansı olacağı yaxşı oyundu. Ancaq ola bilər ki, "Gent"in bəzi azarkeşləri "Qarabağ"a kifayət qədər hörmət etmir və asan oyun olacağını düşünür.

- Sənin bu oyunla bağlı proqnozun necədi?
- Məncə, Azərbaycanda heç-heçə olacaq. “Gent” isə Belçikada “Qarabağ”a qalib gələcək. Ümidvaram ki, növbəti mərhələyə “Gent” keçər..

Mirbağırağa

Xəbər xətti